Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2021 09:38
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Abbas Zamanova həsr olunmuş tədbir keçirilib

Ədəbiyyat İnstitutunda Abbas Zamanova həsr olunmuş tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutun Elmi şurasının qərarı var. İ.Həbibbəyli Abbas Zamanovu böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi kimi xarakterizə edib. Akademik vurğulayıb ki, A.Zamanov mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb və onun Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. İ.Həbibbəyli onun yazılarında ideologiyanın olmadığını, sovet dövrünü təbliğ etmədiyini və vətəndaşlıq mövqeyinin çox güclü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Alim A.Zamanovun Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi təklifinə çox sərt reaksiya verdiyini, onun belə sərt cavabından sonra məsələnin gündəlikdən çıxarıldığını bildirib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rəfael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolu” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, Abbas Zamanov çətin həyat yolu keçsə də, heç zaman şikayətlənməyib, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirib. R.Hüseynov vurğulayıb ki, Abbas Zamanov 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edilib və o illərdən, demək olar ki, diasporsayağı işlər görməyə başlayıb.

Tədbirdə çıxış edən filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev “Abbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsində vurğulayıb ki, Abbas Zamanov təmənnasız təbliğatçı idi. O, bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub.

Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.

Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” adlı məruzə edərək, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: