Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi - 120 il
07.10.2021 10:44
  • A-
  • A
  • A+

Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi - 120 il

Bu gün - 7 oktyabr neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.

XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin savadı və təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət yetirib. Həmçinin Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak edib.

Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması  idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirib.

Nəhayət H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanılıb. Bina Bakının mərkəzi küçəsində - Nikolayevski küçəsində tikilib. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olub.

Məktəbin açılışından öncə şagird və pedaqoji personalının formalaşdırılmasına başlanılıb. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunub. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulub ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalıblar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox olub. Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verib. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artıb, cəmi qəbul olunanların sayı isə 58-ə çatıb. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələyib. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəliblər, Bakı sakinlərinin sayı isə az olub.

Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı olub. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirib: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”

Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilib. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin ediliblər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilib.

Ümumiyyətlə bu məktəb doğrudan da, müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoyub.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: