Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

11.10.2021 11:08
  • A-
  • A
  • A+

Fatehlər: Vətən şəhidləri

Fatehlər: Vətən şəhidləri

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının müzəffər ordusu tariximizə 21-ci əsrin ən böyük zəfərini yazdı. Bu zəfər bizim üçün unudulmaz bir qəhrəmanlıq hekayəsi oldu. Tarixi qaliblər yazır! Və bizim ordumuz bizim tariximizi yenidən yazdı. Bu, bizim üçün bir şüar olmalıdır və hər zaman qalib ölkə kimi özümüzü dünyaya tanıtmalıyıq. Möhtəşəm qələbəmiz, birliyimiz və xalqımızın igid oğulları sayəsində nəhayət ki, biz öz ədalətimizi bərpa edə bildik. Bu qalibiyyətimiz Ali Baş Komandanımız İlham Əliyevin məqsədyönlü və uğurlu siyasəti nəticəsində reallaşdı.

Vətən müharibəsi şəhidlərinin Anım Günü ərəfəsində AMEA Fizika İnstitutunun əməkdaşı Suma Hüseynovanın “Fatehlər: Sabirabad şəhidləri” adlı kitabı işıq üzü gördü. Mənəvi yükü böyük və ağır olan bu kitab Sabirabad rayon şəhidlərinin timsalında bütün Azərbaycan şəhidlərinin ölməz ruhlarına ithaf edilmişdir. Belə bir kitabı ərsəyə gətirmək çox məsuliyyətli işdir. İgidlərimizin öz dillərindən təqdim etdikləri ifadələri, yarım qalmış arzularını əks etdirən bu kitab gələcək nəsillər üçün əmanət, çağırış nişanəsidir. Kitabı vərəqləyərkən sanki elə bil onlarla savaşa gedirsən və onlarsız geri dönürsən. Hər vərəqə fikirlərini yazarkən, hər səhifədə fikirləri oxuyarkən onları düşünür, qəhər içində boğulursan. Yazılan xatirələri oxuduqca isə sənə qəm-qüssə aman vermir. Belə bir hisslərlə kitabı tamamlamaq çətin və ağır işdir. Çünki bu kitabı oxuyub tamamlamaq, hər şəhid şəklinin gözlərinə baxmaq çox çətindi.

Kitabın müəllifi Suma Hüseynova 1981-ci ildə Sabirabad rayonunda, ziyalı-müəllim ailəsində dünyaya gəlib. 1998-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. S.Hüseynova əmək fəaliyyətinə 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. 2006-2010-cu illərdə Fizika İnstitutunun dissertantı olmuş, 2012-ci ildə fizika üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2013-2017-ci illərdə Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri olub. 2019-cu ildə dosent elmi adını alıb, həmin ildən Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Fizika İnstitutunun Qadınlar Şurasının, Həmkarlar Komitəsinin, habelə Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvüdür.

Alimlikdən öncə biz bu vətənin övladıyıq. İgidlərimiz ön cəbhədə vuruşduqları kimi, elm adamları da arxa cəbhədə qələmləri ilə bu hadisələri əbədiləşdirməyə çalışırlar. Suma Hüseynova institumuzda Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddətdə də öz bacarığı ilə seçilmiş, bir çox tədbirlərin təşkilində yaxından iştirak etmişdir. AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə dəfələrlə fizika fənnindən Bakı şəhəri üzrə məktəblərarası olimpiadalar təşkil edib. Həmçinin öz elmi araşdırmalarından əlavə, dəyərli alimlərimizin nailiyyətlərindən dövrü mətbuatda məqalələr də dərc etdirmişdir. Məhz bu səbəbdən də düşünürəm ki, Suma xanım şəhidlər qarşısında borcunu onlara həsr etdiyi kitabla kiçik də olsa ödəməyə çalışmışdır. Hər bir vətəndaş öz bacardığı istiqamətdə vətənə müsəlləh əsgər olmalıdır. Xalqımızın şücaətli oğulları qələbənin necə gözəl hisslər olduğunu bizlərə yaşatsa da, lakin bunun necə də böyük qurbanlar bahasına başa gəldiyini də unutmamalıyıq. Əlbəttə, bunu azərbaycanlıyam deyən hər bir kəs qəlbində məğrurla, itirdikləri qəhrəman oğullara görə isə kədərlə anır. Vətənimizin bütövlüyünü bərpa edən igidlərimiz, şəhidlərimiz əbədi yaşayacaqlar.

Suma Hüseynova ilə bərabər, bu kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərindən biri də “Ön söz”ün müəllifi və redaktoru AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əlizadə Əsgərlidir. Kitabda, həmçinin Sabirabad rayonundan aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış şəhidləri və Birinci Qarabağ müharibəsində vətən uğrunda canından keçmiş vətən igidlərinin adları qeyd edilib.

Kitabda şəhidlər haqqında olan materialların və özlərinin dediyi kimi, “Ya şəhid olacam, ya qazi kimi qayıdacam”, “Nə xoşbəxtəm ki Şuşanı qürurla aldığımız günü gördüm”, “Arzularım çoxdur qayıda bilsəm”, “Ölsəm anam sənə əmanət....”, ”Ən böyük sevgim vətən sevgisidir” kimi sözlərindən başlıqlar, həmçinin şair, yazıçıların, mütəfəkkirlərin kəlamları, şeirlərdən, bayatılardan istifadə edilib.

Anım Günü - 27 sentyabr 2021-ci ildə Fizika İnstitutunda keçirilən tədbirdə müəssisənin baş direktoru, akademik Arif Həşimov çıxış sözü ilə tədbiri açıb, həmçinin qurumun kollektivi qarşısında kitabın təqdimatını keçirib. “Qarabağı görməyən oğulların döyüşə gedərək canından keçmələri və nə qədər belə vətənpərvər oğullarımız olacaqsa, heç bir düşmən bizə qalib gələ bilməyəcək”, - deyə çıxışında akademik A.Həşimov bildirib.

S.Hüseynova da öz növbəsində tədbirdə çıxışı zamanı “bu kimi təşəbbüslərin hər bir vətəndaşın borcu olduğunu və üzərində gəzdiyimiz torpağın tamlığını qorumaq yolunda qan tökmüş şəhidlər üçün hər nə etsək azdır”, - deyə ifadə etmişdir.

Səidə MƏMMƏDOVA, AMEA-nın Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: