Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ili tarixli Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi respublikamızla yanaşı, dünya ölkələrində də bu sahədə silsilə tədbirlərin keçirilməsinə xüsusi bir təkan vermişdir. Xüsusilə 3 fevral 2021-ci il tarixində ölkə başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri ilə videoformatda keçirdiyi görüş, qardaş Türkiyə Cümhuriyyətində, Fransada, Rusiyada, Ukraynada, Gürcüstanda və başqa ölkələrdə həyata keçirilən konfranslar, sərgilər Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami ili” çərçivəsində bu Sərəncamdan irəli gələn tədbirlər sırasındadır.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizin hər yerində olduğu kimi, dahi mütəfəkkirin doğma şəhəri Gəncədə də ayrıca bir Nizami təntənəsinin yaşanmasına səbəb olmuşdur. Belə ki, “Nizami ili” başlayandan Gəncə Şəhər İcra hakimiyyəti və ona tabe olan qurumların, AMEA Gəncə Bölməsinin, Gəncə Regional Mədəniyyət İdarəsinin həyata keçirdikləri onlayn və ənənəvi tədbirlər, çap edilən kitablar, əlbəttə ki, nizamişünaslığın Gəncə şəhərində inkişafına mühüm töhfələr verməkdədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun birbaşa dəstəyi və iştirakı və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə cari ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ümumşəhər tədbirinin keçirilməsi, F.Əmirov adına Gəncə Dövlət Flarmoniyasının əməkdaşlarının Nizaminin sözlərinə bəstələnmiş musiqi nümunələrinin şəhər sakinlərinə, qonaqlara təqdimatı və bu kimi genişmiqyaslı tədbirlər şəhər səviyyəsində bir Nizami Gəncəvi atmosferinin formalaşmasına səbəb olmuşdur. Görülən və həyata keçirilən tədbirlər nəticəsində Nizami Gəncəvi dühası ilə vüqarlı olan Gəncə şəhərinin küçə və meydanları öz növbəsində daha da ehtişama bürünmüşdür.
Belə mötəbər tədbirlərdən biri də Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanan https://nizamiganjavi.az internet portalının istifadəyə verilməsi oldu. Nəzərə alsaq ki, müasir dövrdə elmi əlçatan edən vasitələrdən biri məhz internet resurslarıdır, bu baxımdan Nizami Gəncəvinin adını daşıyan saytın meydana, ərsəyə gəlməsi Azərbaycan və dünya nizamişünaslıq elminin aktuallığı qədər də zəruri məsələlərdən biridir. Xüsusilə müasir dünyada informasiya mübarizəsinin getdiyi bir dövrdə Nizami Gəncəvi ilə bağlı həqiqətlərin dünya oxucusuna çatdırılmasında internet saytının olduqca böyük əhəmiyyəti vardır.
nizamiganjavi.az saytının təqdimatı 9 oktyabr 2021-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində reallaşdı. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkili Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Nizami irsini tədqiq edən alimlər, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə imzalanan bu Sərəncam dahi şairin zəngin irsinin daha da dərindən öyrənilməsi və təbliği üçün münbit şərait yaradıb. Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsində töhfə verib, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilib.
Təqdimat mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Dr. Volfqanq Maniq, dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi Həftəsi” elan olunduğunu və bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu bildirib.
https://nizamiganjavi.az saytının ümumi xəritəsi aşağıdakı kimidir.
Saytın “Haqqında” bölməsində şair barədə məlumatlar yerləşdirilib. Burada, həmçinin “Xəmsə”, “Müdrik fikirlər”, “Xəbərlər”, “Mərkəz” və başqa panellərdə dahi mütəfəkkirimizlə bağlı olan elmi, ədəbi və digər məlumatlar öz əksini tapmışdır. “Xəmsə” bölməsində Nizami Gəncəvinin ölməz beş məsnəvisi yerləşdirilmişdir ki, bu da oxucuların, izləyicilərin marağına səbəb olacaqdır. Əlbəttə ki, saytın ən çox maraq doğuran paneli “Virtual tarix – 360 dərəcə” bölməsidir. Burada Nizami Gəncəvi Məqbərə Kompleksini, Gəncənin tarixi abidələrini, binalarını, muzey, park və xiyabanlarını virtual “ziyarət etmək” mümkündür.
Azərbaycan nizamişünaslığının inkişafına yeni və əvəzsiz töhfə olan bu internet saytın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.
Əlimuxar Muxtarov, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.