Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Aytən Mustafazadə: “Dəyişən reallığı, təəssüf ki, hər kəs anlamadı…”
14.10.2021 17:57
  • A-
  • A
  • A+

Professor Aytən Mustafazadə: “Dəyişən reallığı, təəssüf ki, hər kəs anlamadı…”

“The First News” İnformasiya Agentliyinin rəsmi veb-saytı – “1news.az”da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin müsahibəsi dərc edilib.

Müsahibədə 1980-ci illərdən etibarən Ermənistanın Azərbaycana qarşı başlayan və 1991-1994-cü illərdə öz zirvəsinə çatan ərazi iddialarının, eləcə də Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal olunmasının hüquq müstəvisindən yeni baxışlarla dəyərləndirilməsi aparılıb.

Daha sonra Aytən Mustafazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin oktyabr ayının 2-də dünya mətbuatında önəmli yer tutan “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədən “Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur” fikirlərini xatırladıb. Qeyd edib ki, 12 may 1994-cü ildə Bişkek Protokolunun imzalanması ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəs əldə olunmasına baxmayaraq, növbəti 26 il ərzində atəş dayanmayıb.

Alim müsahibəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatlarına istinad edərək vurğulayıb ki, atəşkəs haqqında müqavilənin imzalanmasından 27 sentyabr 2020-ci il tarixinədək Ermənistanın dəfələrlə atəşkəsi pozması nəticəsində 398 nəfəri hərbi qulluqçu və 31 nəfəri mülki vətəndaş olmaqla 429 azərbaycanlı həyatını itirib, şəhid olub.

Aytən Mustafazadə müsahibəsində nəzərə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin dəqiq, peşəkar strategiyası sayəsində müqəddəs Vətən müharibəmiz 44 gün sonra Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatıb. Açıq-aşkar göründüyü kimi, ordumuzun bu müqəddəs zəfəri siyasi və diplomatik arenada illərlə formalaşdırılan düşünülmüş, dəqiq hüquqi bazaya söykənib.

Professor Aytən Mustafazadə ölkəmizin döyüş meydanında apardığı haqq savaşı ilə bərabər, informasiya müharibəsində də əldə etdiyi mühüm nailiyyətlərdən, ölkə başçısı cənab İlham Əliyevin dünyanın tanınmış mətbu orqanlarında yer alan müsahibə və çıxışlarından da söz açıb. Ələlxüsus, İtaliyanın “Rai-1”, Amerikanın “Fox News”, Almaniyanın “ARD” telekanallarına verdiyi müsahibələrin ən vacib detallarını xatırladıb.

Daha sonra alim “Dünya siyasi arenasında böyük hörmət və nüfuz sahibi kimi rəğbət qazanan Azərbaycan Prezidenti İlham Əliyev bu gün – ərazilərimiz düşmən işğalından azad edildikdən sonra Çindən Avropayadək uzanan iri qlobal səviyyəli əhəmiyyət daşıyan mühüm transregional, transmilli nəqliyyat layihələrinin müəllifi kimi tanınır”, – deyə vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: