Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2021 16:18
  • A-
  • A
  • A+

MEK-də Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda lektoriya keçirilib

MEK-də Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda lektoriya keçirilib

Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində təhsil məsələləri hər zaman xüsusi yer tutub. Ulu öndər ölkənin və xalqın taleyində, inkişafında, təhsilin rolunu hər zaman yüksək dəyərləndirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) mütəmadi şəkildə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi məhz “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr edilib.

Təhsil işçilərinin, elm adamlarının, magistr, doktorant və dissertantların iştirakı ilə baş tutan lektoriyada MEK-in baş direktoru, professor Məmməd Əliyev ölkəyə istər birinci, istərsə də, ikinci dəfə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin xalqın tərəqqisi üçün daim təhsilə verdiyi yüksək qiymətdən, Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə gördüyü böyük işlərdən, təhsillərini davam etdirmələri üçün dövlət hesabına tələbələrin xarici ölkələrə göndərilməsindən, ölkənin ən ucqar kəndlərində dünya standartlarına cavab verən məktəb binalarının tikilərək istifadəyə verilməsindən, təhsilin bugünkü inkişafında dahi liderin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin gördüyü əvəzsiz xidmətlərdən danışıb, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsində dövlət dəstəyindən bəhs edib. Baş direktor, həmçinin dahi liderin irisinin araşdırılmasında MEK-in oxucular üçün verdiyi əvəzsiz töhfələrdən də danışıb.

AMEA-nın müxbir üzvü,  Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru,  fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim ümummilli lider Heydər Əliyevi ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin inkişafı üçün müdrik və məqsədyönlü siyasət həyata keçirən qüdrətli lider kimi xarakterizə edib. Vurğulanıb ki, dahi rəhbər SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və bu istiqamətdə əsaslı dönüş olaraq milli kadr potensialının daha da gücləndirilməsinə şərait yaradıb. “SSRİ məkanında Azərbaycanda icbari təhsilin 11 illik pilləsinin təsdiqi, dərsliklərin şagirdlərə pulsuz paylanması ənənəsi, sentyabr ayının 1-i Bilik günü kimi qeyd edilməsi məhz dahi liderin təşəbbüsü ilə həyata keçirilib”- deyə professor Misir Mərdanov qeyd edib.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, tarix elmləri doktoru, dosent İbrahim Kazımbəyli mövzu ətrafında çıxış edərək, ümimmilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli məfkurə, azərbaycançılıq ideologiyası istiqamətində görülən işlərdən söz açıb: “Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Azərbaycanın hərb tarixində təhsilli zabitlərin yetişdirilməsində Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması da ümummilli liderimizin birbaşa diqqəti sayəsində həyata keçirildib. Məhz 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərimizdə, bu liseyin yetirmələrinin də xidməti əvəzsiz olub”, deyə dosent İbrahim Kazımbəyli vurğulayıb.

Tədbirdə, həmçinin Bakı şəhər Nəsimi rayon Eldar Tağızadə adına 164№-li tam orta məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək ümummilli liderin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, elmə, təhsilə, Azərbaycan müəlliminə verdiyi dəyərdən bəhs edib. Kəmalə Qədirova, həmçinin çıxışında Heydər Əliyev Fondu və bu fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim təhsilin inkişafına verdiyi böyük töhfələrdən, fondun maliyyə vəsaiti hesabına respublikamızda təhsil müəssisələrinin təmirindən, tikilib istifadəyə verilməsindən danışıb.

Sonda tədbir iştirakçıları dahi lider Heydər Əliyevin təhsil sahəsində əvəzsiz xidmətlərindən bəhs edən nəşrlərdən ibarət sərgiyə baxıblar. Sərgidə professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” 4 cilddə, “Azərbaycan təhsili: islahatların uğurlu nəticələri 2009-2010-cu illər”, akademik İsa Həbibbəylinin “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, Habil Həmidovun “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, Aynur Əliyevanın “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli mənəvi dəyərlərin qorunmasında fəaliyyəti”, “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı” və digər kitablar nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: