Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutunda dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib
18.10.2021 15:33
  • A-
  • A
  • A+

Tarix İnstitutunda dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

Oktyabrın 18-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov açaraq bildirib ki, ölkəmiz dövlət müstəqilliyinin bərpası yolunda ağır bir tarixi yoldan keçib: “Çünki həmin dövrdə Azərbaycanda mürəkkəb proseslər baş verirdi. Ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi respublikanı iflic vəziyyətinə salmışdı. Siyasi və iqtisadi böhran xalqımızın həyat şəraitinə ağır zərbə vurmaqla yanaşı, Azərbaycan beynəlxalq müstəvidə ciddi qəbul olunmurdu, xüsusilə torpaqlarımız işğal edilirdi. Təbii ki, vəziyyət dözülməz idi və belə bir şəraitdə müstəqilliyimizin gələcəyindən söhbət gedə bilməzdi. Ona görə də, cəmiyyətin sağlam təbəqələrinin nümayəndələri vəziyyətdən çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Nəhayət, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev Bakı şəhərinə qayıtdı və 15 iyunda Azərbaycan Ali Sovetinin sədri, həmin ilin oktyabr ayında isə Azərbaycan Prezidenti seçildi”.

C.Bəhramov vurğulayıb ki, böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinliklərdən uğurla çıxdı və Azərbaycan xalqı dövlət yaratmaq və idarə etmək iqtidarında olduğunu sübut etdi: “Eyni zamanda xalqımız ümummilli lider Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyini də sübut etdi. Məhz buna görə də, xalqımız haqlı olaraq ümummilli lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir”.

Tədbirdə çıxış edən Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov isə bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir, millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur: “Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firəvan gələcəyə aparır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər bunu bir daha sübut etdi. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Bu müdrik kəlam uğurla inkişaf edən müstəqil ölkəmizin timsalında öz təsdiqini tapır”.

İnstitutun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev isə qeyd edib ki, dövlət müstəqilliyinin qazanılmasına doğru gedən yolda Azərbaycan bir çox çətinliklərlə üz-üzə qalmışdı: “1991-ci ildən 1993-cü ilin payızına qədər vəziyyət çox ağır idi. Respublika dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə, 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ilin dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törətdilər. Belə ki, Qərbi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma soyqırımı cinayətləri, 1990-ci ildə törədilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülən qanlar hesabına əldə olundu”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: