Təsviri sənətdə batal janrı müharibə və hərbi mövzulara həsr olunmuş əsərləri əhatə edir. Bu janrda qanlı savaşlar, döyüş səhnələri olduğu kimi təsvir edilir. Xalq qəhrəmanları, tarixi şəxsiyyətlərin döyüş zəfərləri sənətin bənzərsiz gücüylə tərənnüm edilir.
Azərbaycan rəssamlığında da batal janrı xüsusi yer tutur. Tarix boyu bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini böyük ustalıqla təsvir etsələr də, müasir Azərbaycan rəssamlığında bu janra müraciət edən fırça ustalarımızın sayı azdır.
Onlardan biri də Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılovdur.
C.İsmayılov Təhsil Nazirliyində baş rəssam kimi çalışıb və nazirliyin nəzdində dərslik və bədii kitabların tərtibatı ilə məşğul olub. Ölkə Prezidentinin Sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikası ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak edib.
Azərbaycan Kinostudiyasında tərtibatçı rəssam kimi çalışıb, uzun illər Azərbaycan Dövlət İncəsənət Universitetində rəssamlıqdan dərs deyib.
Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgilərdə ulu öndər Heydər Əliyev onun əsərlərini yüksək qiymətləndirib. Dədə Qorqudun yubileyi çərçivəsində Dədə Qorqudun portretini işləyib və yubiley münasibətilə çap olunan “Kitabi-Dədə Qorqud” kitabına nəfis tərtibat verib.
O, Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak edir.
Əsərlərində əsasən batal janrına üstünlük verən fırça ustası C.İsmayılov ilə müsahibəmizdə rəssam dünyanın müxtəlif ölkələrində sərgilənən əsərlərindən, gələcək planlarından danışıb.
- Cəmaləddin müəllim, ictimaiyyət arasında böyük marağa səbəb olan “Renesans” adlı rəsm əsərinizdə bütün dünya incilərini bir araya toplamısınız. Dəyəri 500 min manat olaraq qiymətləndirilən bu əsərdə intibah dövrünün əhatə edən məşhur rəsmlər, heykəllər, kitablar və s. əks olunub. Əsərdə Azərbaycanı necə təsvir etmisiniz?
- “Renesans” əsərinin tamamlanmasına təxminən üç il vaxt sərf olunub. Bu əsər Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyinin tamam olması ərəfəsində ölkəmizin dünya mədəniyyətində yerini göstərmək məqsədilə hazırlanıb.
Bəşəriyyətin ən yüksək inkişaf nöqtəsi olan mədəniyyət və incəsənətin intibah dövrünün əsas xüsusiyyəti mədəniyyətin mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır.
Böyük sivilizasiyaların inkişafının təsdiqi olan intibah Şərqdən dünyaya yayılmağa başlamışdır. Yaponiya, Hindistan, Çin və s. kimi Asiya ölkələri böyük bir inkişaf yolu keçmiş və görkəmli mədəniyyət ustaları böyük əsərlər meydana gətirməyə başlamışlar. Bu intibahın pik nöqtəsi isə Avropaya təsadüf etmişdir.
Əsərdə italyan dilində sənətin yüksək pikə çatdığı inkişaf pilləsi anlamına gələn renesansın Şərqdən Avropaya gəlişinin təsviri verilib. Həmin dövrdə Avropada təsviri sənətdə, heykəltaraşlıqda, rəssamlıqda böyük dahilər - Rafael Santi, Mikalenjelo, Leonardo Da Vinçi, Klod Mone meydana çıxmışdır. Klassisizm və realizmin yüksək həddi olan Avropa rəssamlığının dünyada bənzəri yoxdur. Avropada sürrealizm janrında əsərlər ərsəyə gətirən Pablo Pikasso, Salvador Dalinin əsərlərindən daha yüksək inkişafın olması mümkünsüzdür.
Azərbaycan da bu inkişafdan geri qalmamış, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyətə və incəsənətə malik ölkələrdən biri olmaqla dünyaya əvəzsiz əsərlər bəxş etmişdir. Əsərdə bu kimi dünya mədəniyyəti inciləri arasında Azərbaycanın yerini təsvir etməyə çalışmışam.
Azərbaycan sənətkarları Şərqdə ilk dəfə miniatür sənətinin əsasını qoymuş, fərqli ornamentlərlə bəzədilmiş xalçalar ərsəyə gətirilmişdir. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Qusar, Xaçmaz xalça məktəblərində hazırlanan müxtəlif bölgələrə xas olan ornamentlərlə bəzədilmiş xalçalar dünyanın müxtəlif muzeylərində qorunub saxlanılır.
Bundan başqa, bu gün Bakı şəhərinin simvollarına çevrilmiş memarlıq abidələri, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə kimi dünya şöhrətli rəssamlar tərəfindən əvəzsiz təsviri sənət nümunələri hazırlanmışdır.
“Renesans” əsərində Azərbaycan bu kimi möhtəşəm mədəniyyət və incəsənət nümunələri ilə təmsil olunur. Əsərin Azərbaycanla bağlı hissəsində Dədə Qorqudun rəsmini, Nizami Gəncəvi və Çingiz Abdullayevin kitabını, qədim musiqi alətlərimiz olan qopuz, tar və dəfi, ustadım Mikayıl Abdullayevin rəsm əsərini təsvir etmişəm.
- Ümumilikdə neçə əsər ərsəyə gətirmisiniz? Bir əsərinizin tamamlanmasına təxminən nə qədər vaxt sərf olunur?
- Təhsil Nazirliyində baş rəssam kimi çalışdığım müddətdə nazirliyin nəzdində dərslik və bədii kitabların tərtibatı ilə məşğul olmuşam. Ölkə Prezidentinin Sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikası ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak etmişəm.
Lakin tarixi hadisələrə olan marağım bu işlərdən uzaqlaşmağıma, batal janrda əsərlər ərsəyə gətirməyə olan həvəsimi artırdı. Son 10 ildir ki, bu janrda əsərlərin hazırlanması ilə məşğulam. Hazırda əsərlərimin böyük bir qismi Avropanın bir çox ölkələrində sərgilərdə nümayiş olunur, bir qismi ölkəmizlə yanaşı, Almaniya, Türkiyə, Böyük Britaniyada, Fransada, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin portreti isə hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.
Bir çox əsərlərimin ərsəyə gəlməsinə illərlə vaxt sərf olunub. Bunlardan biri olan, türk dünyası üçün dönüş nöqtəsi hesab edilən və Türkiyənin tarixində böyük rol oynayan Malazgird döyüşünə həsr olunmuş əsərim 5 ilə tamamlanıb.
- Fəaliyyətiniz dövründə hansı tarixi şəxsiyyətlərin portretini yaratmısınız?
- Tarixi şəxsiyyətlərə həsr olunmuş əsərlər sırasında dahi şair Nizami Gəncəvi, Dədə Qorqud, alban hökmdarı Cavanşirin adlarını çəkə bilərəm.
- Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə dahi şairin yaradıcılığına həsr olunmuş əsərlər ərsəyə gətirmisiniz. Bu barədə məlumat verərdiniz.
- Həmin ərəfədə Nizaminin “Xəmsə”sini işləyib tamamladım və dahi şairin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə nümayiş olundu. Nəhəng kağız üzərində yağlı boyalarla işlənilmiş əsər Gəncə şəhərinin fonunda təsvir olunub.
Ulu öndər Heydər Əliyev Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə Nizami Gəncəviyə həsr olunmuş əsərlərimi yüksək qiymətləndirdi. Bu hadisədən sonra ümummilli lider və ailəsinə hədiyyə etmək üçün əsər işləmək qərarına gəldim. 2-3 il ərzində ərsəyə gələn bu əsəri təəssüf ki, Ulu Öndərin sağlığında tamamlayıb hədiyyə edə bilmədim.
“Alazan döyüşü”, “Qavqamela döyüşü”, “Malazgirt döyüşü” kimi batal janrında rəsm əsərlərini yaratmaq ideyası hansı zərurətdən meydana gəldi?
Bugünədək olduğum bütün muzeylərdə tarixi əsərlər axtarışında olmuşam. Xüsusilə Azərbaycan tarixində baş vermiş döyüş səhnələri hər zaman böyük marağıma səbəb olub. AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərməyimin əsas səbəblərindən biri də tarixə olan marağımla bağlıdır.
Azərbaycanın müxtəlif dövrlərində müstəqillik uğrunda baş verən döyüşləri təsvir etmək üçün batal janrda əsərlər ərsəyə gətirməyə başladım. İlk olaraq Azərbaycan tarixində böyük bir hadisə kimi qiymətləndirilən Alazan çayı sahilində baş vermiş döyüşə dair əsər hazırladım. Həmin döyüşdə albanlar böyük şücaət göstərərək o dövrün ən güclü ordularından biri olan Roma ordusunun qarşısında mərdliklə vuruşmuşdular.
Hazırda “Alazan döyüşü” əsəri Londonda saxlanılır.
Daha sonra dünya tarixində ən məşhur döyüşlərdən biri olan “Qavqamela döyüşü” üzərində 2 ildən çox müddət işlədim. Bu döyüş Makedoniyalı İsgəndərin III Dara üzərində qələbə çalması nəticəsində Əhəməni imperiyasının sonuna səbəb olması ilə seçilir.
“Qavqamela döyüşü” əsərini hazırladığım müddətdə, eyni zamanda “Malazgird döyüşü” əsəri üzərində işləməyə başladım. Dünya tarixində böyük iz buraxmış Malazgirt döyüşü ilə bağlı əsərimdə Bizans imperiyasının sonu olan və türklərin Anadoluya daxil olmasına səbəb olan döyüş detalları ilə təsvir olunub.
Daha sonra böyük sərkərdə Cavanşir haqqında rəsm əsəri ərsəyə gətirmək üçün işlərə başladım. Hazırda bu əsər üzərində tamamlanma işləri gedir.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə, Qarabağın mədəniyyət paytaxtı hesab olunan Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə “Şuşa zəfəri” əsəri üzərində işləməyə başladım və 11 ay ərzində işlədiyim bu əsəri bu günlərdə başa çatdırmışam.
Azərbaycanın qazandığı bu Zəfər dünya tarixində olduqca əhəmiyyətli hadisədir. Çünki, hazırda dünyanın müxtəlif ölkələrində torpaqlar uğrunda gedən bütün mübahisələr həll olunmamış qalmaqdadır. Azərbaycan yeganə ölkədir ki, 30 ilə yaxındır ki, həll olunmamış qalan problemi həll etməyə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü ilə öz torpaqlarını geri qaytarmağa müvəffəq oldu.
- Qeyd etdiyiniz kimi, əsərləriniz ölkəmizdə bir neçə muzeydə sərgilənməklə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycanda əsərlərinizə yetərincə qiymət verilirmi?
- Etiraf edim ki, Qərb ölkələrində bu janrda əsərlərə maraq daha çoxdur. Lakin ölkəmizdə də batal janrda əsərlər böyük maraqla qarşılanır.
Xüsusilə qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev əsərlərimə hər zaman yüksək dəyər verib. Məni tarixi əsərlər üzərində işləməyə həvəsləndirən də məhz ümummilli liderin əsərlərimə göstərdiyi diqqət olmuşdur.
- Azərbaycanda batalist məktəbin yaradılması və bu janrın inkişafına nail olmaq üçün nə kimi işlər görülməlidir?
- Ölkəmizdə batalist məktəbin yaradılması üçün rəssamlarımızda, ilk növbədə, tarixi hadisələrin içində olmağa, bu janrda işləməyə böyük sevgi olmalıdır.
Fransa, Almaniya, İtaliya, İspaniya, eləcə də Rusiyada batal janrının inkişafı böyük bir dövrü əhatə edir. Bu ölkələrin həmin sahədə təcrübəsinin öyrənilməsi üçün rəssamlarımızın üzərinə böyük iş düşür. Çünki, batal janrda əsər ərsəyə gətirmək üçün geniş dünyagörüşə malik olmaq, həmin dövrü (geyimləri, silahları, bayraqları və s.), baş verən tarixi hadisələri dəqiqliyi ilə bilmək lazımdır. Bu sahədə ətraflı məlumat toplamaq üçün internet əhəmiyyətli mənbələrdəndir.
Bu sahəyə marağı olan istedadların aşkara çıxarılması batal janrının ölkəmizdə inkişafı baxımından zəruridir.
- Gələcək planlarınız barədə məlumat verərdiniz. Yaxın zamanda yeni əsərlərin hazırlanması nəzərdə tutulurmu?
- Yaxın zamanlarda İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müxtəlif istiqamətlər üzrə apardığı döyüşləri təsvir etmək üçün yeni əsərlər ərsəyə gətirməyi planlaşdırıram. Bununla yanaşı, türk ölkələri tarixində baş verən böyük vuruşmaları canlandırmaq üçün əsərlər üzərində işləmək gələcək planlarım sırasındadır.
Qeyd edim ki, bu əsərlərin hər birinin ərsəyə gəlməsi üçün çox vaxt tələb olunur. Əsərlər üzərində işlədiyim zaman sanki həmin dünyaya daxil oluram, real dünya problemlərindən uzaqlaşıram. Uğurlu əsərlər ərsəyə gətirməyin sirri də məhz bundadır.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.