Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2021 17:50
  • A-
  • A
  • A+

Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemlərinə həsr olunan konfrans keçirilib

Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemlərinə həsr olunan konfrans keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri adlı beynəlxalq konfrans keçirilibHibrid formatda keçirilən beynəlxalq konfransda Azərbaycanın, o cümlədən Polşa, Almaniya, Rusiya, ABŞ, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbir iştirakçılarını salamlayaraq tədbirin gündəliyi haqqında məlumat verib. Konfransın keçirilməsinin əhəmiyyətinə toxunan Ə.Abbasov qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi respublikamızda böyük addımlar atılıb, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib. Akademik “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini və eyni zamanda yeni bir dəhlizin – rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını vurğulayıb.

Nəqliyyat dəhlizlərinin çoxaldıqca müəyyən problemlərin ortaya çıxdığını deyən Əli Abbasov bildirib ki, onlara elmi cəhətdən yanaşaraq həlli yollarını axtarmaq zərurəti yaranır. O qeyd edib ki, konfransın əsas məqsədi nəqliyyat dəhlizləri üzərində olan logistika, istismar, idarəetmə istiqamətlərində ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır. 

Ə.Abbasov diqqətə çatdırıb ki, ötən il 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibənin nəticələrinin araşdırılması zamanı bölgədə yeni bir dəhlizin - Zəngəzur dəhlizinin yaradılmasını xüsusilə qeyd edib və qonşu ölkələri bu dəhlizin inkişafında iştirak etməyə çağırıb.

Sonra çıxış edən AR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir. R.Hümmətov nəqliyyat infrastrukturundan bəhs edərək, ölkəmiz tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. O, yaxın illərdə layihələr üzrə nəzərdə tutulan hədəflərə nail olunacağına əminliyini ifadə edib, həmçinin Şərq-Qərb dəhlizinin potensialından istifadə ilə bağlı statistik göstəricilər, digər ölkələrlə əməkdaşlıq, qeyri-fiziki maneələr, mövcud tariflər, rəqabət kimi problemlərdən danışıb, konfransın bu problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

R.Hümmətovun sözlərinə görə, sadalanan problemlərin həlli üçün Azərbaycan Respublikası dəhliz üzrə tərəfdaşlarına birgə logistik şirkətin yaradılmasını təklif edib. O, mövcud çatışmazlıqların aradan qaldırılmasına müsbət təsir göstərəcək nüansları qeyd edərək bildirib ki, təklif olunan şirkət yaranacağı təqdirdə, əməliyyatların idarəsi həyata keçiriləcək və müvafiq problemlər həll olunacaq.

Sonda R.Hümmətov bildirib ki, Qarabağ münaqişəsinin həll olunması ilə Azərbaycanda bu ərazilərdə yenidənqurma işləri aparılır, nəqliyyat və iqtisadiyyatın bərpası regionda inkişafa təkan verir, Şərq-Qərb dəhlizinin genişlənməsinə yol açır.

Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək Akademiya rəhbərliyi adından iştirakçıları salamlayaraq konfransa öz işində uğurlar arzulayıb. O qeyd edib ki, müasir dövrdə dünyada gedən proseslər, ölkəmizdə yaranan yeni reallıqlar nəqliyyat probleminə akademik səviyyədə yanaşmağı tələb edir. Bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə bu problemlərə alimlərin cəlb olunması, müxtəlif institutların, o cümlədən İSİ-nin fəaliyyəti, ali təhsil müəssisələri ilə əməkdaşlıqlar təqdirəlayiqdir. 

Akademik, həmçinin müasir tələblərə uyğun nəqliyyat infrastrukturunun yaranmasından, ölkədə bu istiqamətdə görülən işlərdən, Qarabağda aparılan yenidənqurma layihələrindən söz açıb, bu baxımdan keçirilən konfransın önəminə toxunub. 

Daha sonra AR Milli Məclisinin Təbii Resurslar, Enerji və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək konfransın Azərbaycanda Şərq-Qərb dəhlizinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. S.Qurbanov Şərq-Qərb nəqliyyat dəhlizinin üstünlükləri və ekoloji aspektlərinə toxunub. Vurğulayıb ki, IV Sənaye İnqilabının imkanları nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal iqtisadiyyatın tətbiqi ümumilikdə dünya ekologiyasına bir töhfə kimi bu problemlərin həllində geniş istifadə oluna bilər.

Çıxışının sonunda S.Qurbanov işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin əhəmiyyətinə toxunaraq gələcək inkişaf imkanları barədə söz açıb. Millət vəkili Şərq-Qərb dəhlizinin daha da genişlənməsini və gələcək inkişafının qlobal iqlim problemlərinin həllinə müsbət təsir göstərəcəyini xüsusilə vurğulayıb.

Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edərək konfrans iştirakçılarının toxunduğu məsələlərə bir daha diqqət yetirib. 26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılmasından bəhs edərək Qarabağ zəfərindən sonra bölgədə nəqliyyat-logistika istiqamətində yaranan yeni mühitin əhəmiyyətinə toxunub. V.Vəliyev, həmçinin Azərbaycan Texniki Universitetində bu istiqamətdə görülən işlər, Nəqliyyat-Logistika fakültəsinin fəaliyyəti, elmi-tədqiqat proqramları və müxtəlif dövlət qurumları ilə əməkdaşlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Silesia Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski çıxış edərək bildirib ki, məruzəçilərin toxunduğu elmi problemlər təkcə Azərbaycanı deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Xüsusən də, hazırda koronavirus pandemiyası ilə əlaqədar yaranan mürəkkəb şəraitin dünya iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək son iki ildə əsasən də nəqliyyat sektorunda, məhsulların daşınmasında, çatdırılmasında ciddi problemlərin yaşandığını bildirib.

Sonra ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzetdin Adamov konfransa onlayn şəkildə qoşularaq qeyd edib ki, aerokosmik avadanlıqların hazırlanması fəaliyyət göstərdiyi institutun əsas istiqamətlərindən hesab olunur. Təmsil etdiyi qurumda texnologiya sahəsində görülən işlər, post-pandemiya dövründə qarşıda duran vəzifələr, əməkdaşlıqlar barədə ətraflı məlumat verib. Müasir dövrdə, xüsusən də pandemiya dövründə texnologiyanın əhəmiyyətinə toxunaraq onun ən əsas ünsiyyət vasitələrindən olduğunu söyləyib. 

Daha sonra konfrans öz işini plenar iclasla davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: