Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 15:09
  • A-
  • A
  • A+

“Şanlı Zəfər Gününə aparan müstəqillik illəri” mövzusunda konfrans keçirilib

“Şanlı Zəfər Gününə aparan müstəqillik illəri” mövzusunda konfrans keçirilib

Oktyabrın 29-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı Zəfər Gününə aparan müstəqillik illəri” adlı elmi konfrans keçirilib.

AMEA-nın Əsas binasının kiçik akt zalında təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ölkə başçısının Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncamını xatırladaraq, hazırkı konfransın şanlı zəfərimizə həsr olunduğunu və məruzələrdə müstəqillik illərində bu qələbəyə aparan quruculuq işlərindən danışılacağını bildirib.

1980-ci illərdə Qarabağda baş qaldıran erməni separatçılarının 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını deyən G.Baxşəliyeva 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını bildirən akademik 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını qeyd edib. Onun sözlərinə görə, bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində şanlı zəfər çalaraq, torpaqlarımızı işğaldan azad edib. Bu müharibədə canlarından keçən şəhidlərimizin qəhrəmanlıqlarını xatırladan G.Baxşəliyeva onların ruhuna Allahdan rəhmət diləyib.

Sonra tədbirdə məruzələr dinlənilib.

Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev “Qalib Azərbaycan inkişaf etmiş cəmiyyət mərhələsində” mövzusunda məruzə edib. Məruzədə ölkəmizin inkişaf strategiyasından danışan D.Vəliyev müstəqil Azərbaycanın ildən-ilə gücləndiyini, sürətlə inkişaf etdiyini, aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlılığın təmin edildiyini və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunduğunu söyləyib. Məruzəçi Azərbaycanın bu gün keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Müəssisənin Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadə “Tarixi zəfərin qazanılmasında Azərbaycan diplomatiyasının rolu” mövzusunda məruzəsində Azərbaycanın müstəqillik dövrünün xarici siyasətinin birinci mərhələsinin müstəqilliyin ilk illərini əhatə edərək Azərbaycanın dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması dövrü kimi xarakterizə edildiyini qeyd edib. Məruzədə 1993-2003-cü illəri əhatə edən ikinci mərhələ müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması və beynəlxalq əlaqələrin daha da genişlənməsi dövrü kimi səciyyələndirilib. Üçüncü mərhələnin Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirən xarici siyasət kursunun yüksəlişi dövrü olduğu vurğulanıb. Bütövlükdə, Azərbaycan Respublikasının zəfərdən öncə və sonra da həyata keçirdiyi xarici siyasət kursunun Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəldiyi qeyd edilib.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Namiq Məmmədov “Şanlı zəfərin möhkəm təməli: müstəqil Azərbaycanın iqtisadi inkişafı və uğurları” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın iqtisadi inkişafının müxtəlif mərhələləri qeyd olunub,  XX əsrin 90-cı illərinin əvvəllərində iqtisadi inkişafa mane olan əsas amillər göstərilib, bunların aradan qaldırılması üçün hansı islahatların keçirildiyi araşdırılıb, güclü iqtisadiyyata və sosial rifaha hesablanmış neft strategiyasının ölkənin sonrakı inkişafında hansı rola malik olduğu analiz edilib və bunun nəticələri faktlarla göstərilib.

“Azərbaycanın tarixi zəfərində elm və təhsil amilinin rolu” mövzusunda məruzə ilə çıxış edən Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı 44 günlük Vətən müharibəsində müasir texnologiyanın tətbiqi ilə yanaşı, həmin texnologiyadan istifadə edən hərbçilərimizin yüksək peşəkarlığını da qeyd edib. Məruzəçi, həmçinin elmlə ali təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsinin, elmlə iqtisadiyyatın vəhdətinin təmin edilməsinin, əldə olunan yeniliklərin praktikada tətbiqi istiqamətində davamlı olaraq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev isə “Müstəqillik illərində hərbi quruculuq və müzəffər Azərbaycan ordusunun şanlı zəfəri” mövzusunda məruzəsində müstəqillik illərində Azərbaycanda ordu quruculuğundan danışaraq, müasir dünyanın hərb standartlarına uyğun ordu quruculuğunun əsasən 2000-ci illərdən etibarən birbaşa Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. P.Ağayev qısamüddətli Aprel döyüşlərinin hərbi, ideoloji, siyasi və tarixi əhəmiyyətliliyi ilə Vətən müharibəsinin təməl daşını qoymuş olduğunu vurğulayıb. Vətən müharibəsinə könüllü olaraq qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə rəşadətlə iştirak etmiş P.Ağayev məruzəsində Azərbaycanın şanlı zəfərini şərtləndirən amillərdən bəhs edib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: