Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.11.2021 10:26
  • A-
  • A
  • A+

Tarix Muzeyində XVIII əsrə aid əmmamə rekonstruksiya olunur

Tarix Muzeyində XVIII əsrə aid əmmamə rekonstruksiya olunur

Sufi təriqətinin hər birinin özünəməxsus simvolu olub və bunlar da onların tac dedikləri papaqlarında əks olunub. XIV-XV əsrlərdə Azərbaycanda yaranan və buradan da bütün dünyaya yayılan xəlvətiyyə təriqətinin simvolu hesab olunan əmmamə dörd bölümlü 40 ədəd xətdən ibarətdir. Mənası dörd hissə İxlas surəsinin dörd ayəsinə işarədir.

İstanbulda Eyüb Sultan adlı ərazidən tapılan xəlvətiliyin sivasi qoluna aid əmmamə vaxtilə AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edilib. Pambıq külah üzərindən yaşıl çit parça dolanmış əmmamənin hündürlüyü 20 sm, diametri 27 sm-dir.

Qeyd edək ki, muzeyin Bərpa şurasında eksponatın vəziyyəti kafi qiymətləndirilərək tam rekonstruksiya olunmasına qərar verilib. Bərpaçıların vizual analiz nəticəsində qeyd etdikləri rəydə əmmamənin üzərində fiziki-kimyəvi, mexaniki və bioloji təsirlərin nəticəsində zədələr müşahidə olunduğu bildirilib.

Rekonstruksiya zamanı eksponat tam demontaj olunaraq dezinfeksiya və təmizlənmə mərhələlərindən keçdikdən sonra bərpa və konservasiya prosesləri tamamlanacaq. Daha sonra demontaj olunan hissələr əvvəlki qaydada yerinə montaj olunarkən eksponatın orijinal vəziyyəti mümkün qədər qorunub saxlanılacaq.

Əmmamənin rekonstruksiya və bərpa işləri muzeyin Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: