Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Böyük zəfərin təməl daşları
04.11.2021 16:26
  • A-
  • A
  • A+

Böyük zəfərin təməl daşları

Vətən torpaqlarının düşmənin otuz illik işğalından qurtarılmasının birinci ildönümü tamam olur. Bu bir il müstəqillik tariximizin ən şərəfli və qürurlu ili olaraq hər bir vətəndaşımızın və soydaşımızın həyatının unudulmaz dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Xalqımızda müqəddəs azadlıq müharibəsində qələbə çalmaq əzmi necə qətiyyətli idisə, bu bir ildə vəhşicəsinə dağıdılıb viran edilmiş şəhər və kəndlərimizi qısa zamanda yenidən qurub məskunlaşdırmaq eşqi də o qədər yüksəkdir. Biz Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fövqəladə dərəcədə yüksək rəhbərlik və komandanlıq məharəti, əziz xalqımızın və rəşadətli ordumuzun mətanət və qəhrəmanlığı ilə qürur duyduq, bir millət kimi böyüklüyümüzü, qalibiyyəti haqq etdiyimizi dərk etdik. Keçən illər ərzində ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin uğurla davam etdirilməsinin və yaradıcılıqla zənginləşdirilməsinin əməli bəhrəsini gördük. "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!", - deyən Azərbaycan Prezidentinin polad iradəsini, Dəmir Yumruğunu gördük, eyni zamanda, onun bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları ilə, qardaş Türkiyə ilə bir döyünən həssas qəlbinin həyəcanlarını duyduq, şəhidlərimizin ruhuna dərin ehtiramının və qazilərimizə qayğısının şahidi olduq. Prezidentimiz 44 günün hər anında qələbəni təmin etməklə, xalqı və ordunu qələbəyə kökləməklə və hər axşam qələbə müjdəsi verməklə xalqımızı kütləvi fədakarlığa sövq edir, həm hərbi sahədə, həm də diplomatiya cəbhəsində əsl qəhrəmanlıq nümayiş etdirirdi. Təcavüzkar Ermənistan dövlətinin üzun illər davam edən işğalçılıq siyasətinə qarşı 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi xalqımıza tarixən xas olan igidlik və mərdlik xüsusiyyətlərini parlaq şəkildə üzə çıxartdı və bütün dünyaya nümayiş etdirdi.

Qəhrəmanlıq insan cəmiyyətinin ən kiçik ibtidai qurumlarından başlamış bəşəriyyətin müxtəlif tarixi inkişaf mərhələlərində özünü göstərən xüsusi insani keyfiyyətdir. Bu, xalqların, millətlərin, dövlətlərin, insanların, hətta cəmiyyətin kiçik bir zərrəsi olan ailənin gözlənilməz və çıxılmaz təhlükələrlə üzləşdiyi zaman cəsur, igid, qorxmaz, dönməz, hünərli, dəyanətli, fədakar insanlarda büruzə verilən yüksək davranış və fəaliyyət formasıdır. Əlbəttə, cəmiyyətlərin tarixi onun yetişdirdiyi qəhrəmanların adları və onların fəaliyyətləri ilə sıx bağlıdır. Böyük türk xalqının, o cümlədən, bizim xalqımızın min illər boyu yetişdirdiyi, adları qədim dünyanın əfsanəvi qəhrəmanları ilə yanaşı çəkilən qəhrəmanlarımız olmadan tarix və mədəniyyətimizi təsəvvür etmək olmaz. Qəhrəmanlıq özü bir fövqəladi hadisədir, insana daxilən xasdır, bu keyfiyyət varsa, o, zamanın, şəraitin tələb etdiyi vaxt bir yatmış vulkan kimi püskürüb üzə çıxır. Digər tərəfdən, öncədən, ya hadisələrin gedişi prosesində məqsədyönlü şəkildə düşünülən, içdən gələn, ürəyin hökmü və əqlin mühakiməsi ilə hazırlanan və zəruri anında üzə çıxan qəhrəmanlıq da vardır. Xalq üçün, dövlət üçün, onları təmsil edən rəhbər üçün fədakarlıqla döyüşə atılıb misilsiz hünər göstərən qəhrəmanlarımız tariximizin hər mərhələsində olmuşdur, yaşadığımız üçüncü minillikdə də vardır, hər zaman da olacaqdır.

Şübhə yoxdur ki, xalqa daxilən xas olan qəhrəmanlıq bir cəmiyyət hadisəsi kimi yönəldilməli, idarə olunmalıdır. Tarixin müxtəlif dövrlərində hökmdarlar xalqın içindən çıxan cəsur, igid şəxsiyyətlərə söykənmişlər. Yaxın tariximizə nəzər salsaq, Azərbaycan Səfəvilər dövlətinin tənəzzülə getdiyi, hər tərəfdən işğala məruz qaldığı bir vaxtda 1720-ci illərdə böyük türk xalqının əfşarlar tayfasından olan Nadir xanın Səfəvi hökmdarı Şah Təhmasib tərəfindən tarix səhnəsinə çıxarılması və ordunun başına gətirilməsi bunun ən yaxşı nümunəsidir. Qəhrəmanlıq tarixi ehtiyacdan doğan fenomenal hadisədir. Əlbəttə, hər hansı  ekstremal vəziyyətlər, ya təbiət-texnogen hadisələri də insanlarda igidlik, cəsurluq hisslərini oyada bilər, belə şəraitdə də qorxmaz, cəsur qəhrəmanlar meydana çıxarlar.

1918-1920-ci illərdə müsəlman şərqində ilk müstəqil demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin rus işğalı nəticəsində devrilməsi və Azərbaycanın dövlət müstəqilliyini itirib sovetləşdirilməsi illər boyu bu işğalçı rejimə qarşı üsyanlara, xalq hərəkatına səbəb oldu. Xalqımızın qəhrəman oğulları 1804-cü ildə Gəncənin işğalı zamanı Cavad xanın rəşadətini təkrar edərək uzun müddət bu rejimə boyun əymədilər. O zamanlar xalqımızın içərisindən çıxan kommunist rejiminə üsyan edən mübarizlərin xatirəsi indi də yaşamaqdadır. Eyni zamanda, 1941-1945-ci illərdə Almaniya-SSRİ müharibəsində də "Vətəni" müdafiəyə qalxanlar içərisində, öndə gedənlər sırasında bizim xalqımız da yer alırdı. Çünki bu böyük "Vətənin" içərisində doğma, əziz Vətən də - Azərbaycan da yer alırdı. Neft iyi imperialsit dövlətləri çoxdan məftun etmişdi və Azərbaycan xalqının da taleyi bu müharibənin nəticələrindən xeyli asılı ola bilərdi. Cəbhəyə yollanan 700 minədək Azərbaycan əsgərinin təqribən yarısı həlak oldu. Bu müharibədə Azərbaycandan 114 nəfər Sovet İttifaqı Qəhrəmanı adı aldı, arxa cəbhədə də xalqımız əsl qəhrəmanlıq nümunəsi göstərdi. Bakı neftçilərinin qəhrəmanlığı heç də cəbhədəki qəhrəmanlıqlardan əskik deyildi. Bu tarixi təcrübələr göstərdi ki, xalqın içində ona xas qəhrəmanlıq əbədiyaşardır, tarixi tələbat anında qaynayıb üzə çıxmağa qadirdir.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı - SSRİ adlanan, Qərbdə isə daha çox "Şər imperializmi" kimi yanaşılan nəhəng bir dövlət və onunla birlikdə yetmiş illik sosializm sistemi süqut edəndə bu ittifaqdakı bütün xalqların taleyinin yeni dövrü başladı. Lakin Azərbaycan Respublikası müstəqilliyin ilk günlərindən sovetlər dönəmində başlanan və mərkəzi hakimiyyət tərəfindən rəvac verilən erməni təcavüzü ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımızın və dədə-baba torpaqlarımızın zalım düşməndən qorunması, vətəni müdafiə edə biləcək nizami milli ordu, asayişi və dövlətin təhlükəsizliyini təmin edəcək təhlükəsizlik qurumları yaradılmalı, xalqın bütün gücü müstəqillik və milli dövlətçilik uğrunda mübarizəyə səfərbər edilməli idi. Təəssüf ki, o zaman daxili və xarici şəraitin olduqca mürəkkəbliyi, hakimiyyət başına gətirilmiş, ya gəlmiş qüvvələrin qarşıdurması, şəxsi, qrup mənafelərinin milli maraqlardan üstün tutulması, dövlət rəhbərliyinin səriştəsizliyi və idarəçilikdən bixəbər olması, bir sıra hallarda isə hakim komanda daxilində ciddi fikir ayrılıqları və mənəm-mənəmlik, başqa xarici güclərə qulluq göstərmək, torpaqları fürsətcil düşməndən elliklə qorumaq əvəzinə, hakimiyyət bölgüsündə daha çox pay almaq üçün mübarizə edilməsi düşdüyümüz vəziyyəti daha da ağırlaşdırırdı. Ölkə prezidenti isə, emosional fikir və davranışlara yol verməklə,  ölçülüb-biçilməmiş xarici siyasət yeridir, həlledici qərarlar qəbul etmək anlarında  acizlik göstərirdi.

1991-ci ilin avqustundan 1993-cü ilin iyunun 15-dək ölkədə yaranmış acınacaqlı idarəçilik şəraitində Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ vilayətini əksər ətraf bölgələrlə birlikdə işğal etməyə müvəffəq olmuşdular. Qəhrəmancasına vuruşaraq həlak olan şəhidlərimizin və minlərcə qətlə yetirilmiş vətəndaşlarımızın qanları yerdə qalmış, bir milyondan çox qaçqın və köçkün öz doğma dədə-baba yurdlarından didərgin salınmışdı.

Sovet rejiminin irtica və qəddarlıq siyasəti nəticəsində on minlərlə ən yaxşı oğul və qızlarını itirən, 1930-cu illərdə otuz mindən çox ziyalısı edam edilən, sonrakı illərdə doğma torpaqlarından deportasiya olunan, 1990-cı ilin 20 yanvarında mənsub olduğu Sovet dövlətinin özü tərəfindən qanlı təcavüzə məruz qalan Azərbaycan xalqı dərin bir xəyal qırıqlığı və məyusluq içindəykən, xalqın qəlbinə və ruhuna yeni bir cəsarət küləyi nüfuz etdi. Moskvada qanlı yanvarın səhərisi günü, bütün təqiblərə və hətta ölüm təhlükəsinə baxmayaraq, Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyevin SSRİ hökumətini, onun başçısını kəskin ittiham edən nitqi Azərbaycanda fikir və düşüncələrdə əsl çevriliş əmələ gətirdi. Xalqımızın mübariz istiqlal  şairləri Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Sabir Rüstəmxanlı və başqaları imperiyaya meydan oxudular, xalq Azadlıq meydanını səngərə çevirib birlik və mübarizə əzmi nümayiş etdirdi. Məmməd Araz 1992-ci ilin martında yazdığı "Ayağa dur, Azərbaycan!" şeirində xalqı erməni təcavüzü qarşısında dik durmağa, düşmənə qarşı mətanətlə sinə gərməyə çağırırdı, o zamankı Azərbaycan rəhbərliyini iradəsizliyini və hərəkətsizliyini sərt qınayır, xalqı ağlayıb-sızlamağı dayandırıb Vətəni qorumaq üçün savaşa atılmağa çağırırdı:

Nə yatmısan qoca vulkan, səninləyəm!

Ayağa dur Azərbaycan, səninləyəm!

...Gözünü sil, Vətən oğlu,

Ayağa qalx!

Üfüqünə bir yaxşı bax,

Sərhədinə bir yaxşı bax,

Sərhədinin kəməndinə bir yaxşı bax!..

Təcavüzkar Ermənistanın ölkəmizə başlatdığı elan edilməmiş müharibə, əzəli Azərbaycan torpağı olan Qarabağın və ətraf rayonların işğal edilməsi və bu işğalın, həmçinin 1992-ci ilin fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə qanlı divan tutulmasına Azərbaycanın o zamankı rəhbərliyinin seyrçi qalması, belə həlledici məqamda acizlik nümayiş etdirməsi xalqda nə qədər məyusluq yaratmış olsa da, hələ formalaşmamış ordu hissələri, könüllü silahlı dəstələr, yerli milis (polis) qüvvələri düşmənlə qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıqlar göstərir, böyük bir fədakarlıqla torpaqlarımızı və əhalimizi qorumağa çalışırdılar. Qeyrətli Vətən oğullarının gücü onların vətənsevərliyində, vətən uğrunda həlak olmaqdan çəkinməməkdə idi. Döyüş texnikasının, silah-sursatın yetərincə olmamasına baxmayaraq, ön xətdə düşmənə zərbələr vurulur, igidlərimiz qəhrəmanlıqla şəhid olurdular.

Atalarımızın dediyi kimi, arxalı köpək qurd basar. Ermənistana hər vasitəylə yardım göstərən keçmiş Sovet hərbi hissələri isə ermənilərin ölkəmizə qarşı keçirdikləri hərbi əməliyyatlarda, işğalçılıq və terror əməllərində iştirak edirdi. Beləliklə, şəhidlərimizin qanı ilə suvarılan torpaqlarımız 1990-cı illərin əvvəllərində öncə Moskvapərəst Azərbaycan rəhbərliyinin, sonra isə hakimiyyətdaxili mübarizəyə başı qarışmış, regiondakı maraqlı böyük siyasi güclərlə siyasəti qura bilməyən AXC-Müsavat hökumətinin səriştəsizliyi nəticəsində düşmən tapdağına dönmüşdü. Hakimiyyətdəki bəzi qüvvələrin Vətənə, millətə xəyanət yolunu tutması, ölkədə tam bir vətəndaş qarşıdurması və etnik zəmində Azərbaycan xalqının parçalanması məqsədilə xaricdən rəvac verilən separatizm hərəkətləri səngərlərdə amansız düşmənlə ölüm-dirim müharibəsi aparan Vətən övladlarını ruhdan salırdı. Lakin yenə də doğma torpaq uğrunda mərdliklə döyüşürdülər, mövqelərimizi qorumağa çalışırdılar.

O zamanlar rayonlarımızın, şəhər və kəndlərimizin bir-birinin ardınca düşmən tərəfindən işğal edilməsinin əsl səbəblərini araşdırsaq görərik ki, düşmən nə qədər yaxşı təchizatlı və himayəli olmuş olsa da, ölkəmizdə tədbirli, uzaqgörən vahid siyasi rəhbərlik olsaydı, yüksək hərbi intizamlı vahid komandanlıqlı ordu qurula bilərdi, xalqımızın doğma torpağa məhəbbət və düşmənə nifrət hisslərini Vətəni müdafiə işlərinə səfərbər edə, 1991-1993-cü illərdə düşmənin işğalçı niyyətlərinin qarşısı alına bilərdi.

1993-cü ilin 15 iyununda Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dörd ildən çox davam edən bu qeyri-bərabər müharibənin gedişində də təsirsiz qalmadı. Vətəni qorumaq üçün Heydər Əliyevin xalqa müraciətindən sonra minlərlə hərbçi, mülki şəxs, xüsusilə gənclər orduya yazıldılar. Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda döyüşlərdə əsgər və zabitlərimiz hünər göstərdilər. İndi, İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizin işığında həmin qəhrəman Vətən övladlarının şəxsiyyələrini, nəsillərə nümunə olacaq həyat və döyüş yolunu öyrənmək, yeni nəsillərə çatdırmaq xalqımıza xas olan qəhrəmanlığın heç də təsadüfi olmadığını, bu yüksək insani keyfiyyətin varisliklə davam etdirildiyini təsbit edən fakt kimi dəyərlidir.

Qarabağsız ötən acılı illərdə, ölkəmizdə Vətən torpaqlarının azad ediləcəyinə ümid heç vaxt üzülməmişdi, işğala qarşı mübarizəni əks etdirən dəyərli elmi, bədii əsərlər, incəsənət nümunələri, televiziya-radio verilişləri, kinofilmlər, teatr tamaşaları meydana çıxmış, 1994-cü ilin mayında əldə edilmiş atəşkəs rejimi tez-tez pozulduğu kimi, düşmənə qarşı ideoloji müharibə də səngiməmişdi. Ulu öndər Heydər Əliyevin işğal edilmiş bütün torpaqlarımızın azad ediləcəyi barəsində inamla söylədiyi sözlər, ondan sonra isə Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını və ordunu daha da gücləndirmək sahəsində apardığı ardıcıl, ölçülüb-biçilmiş daxili və xarici siyasət, beynəlxalq aləmdə dövlətimizin nüfuzunun və yerinin get-gedə möhkəmləndirilməsi, regionda və dünyanın müxtəlif bölgələrində dostlarımızın artırılması sahəsində yürütdüyü strategiya xalqımızda qələbə inamını daim yaşadır, zəfər gününün yetişəcəyinə inamı artırır və gənclərimizi torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə qəhrəmanlığa səsləyirdi.

Şair və yazıçılarımızın Qarabağ və digər torpaqlarımız uğrunda şəhid olan qəhrəman oğullarımızın rəşadətlərini əks etdirən bir çox maraqlı bədii əsərləri, həmçinin, bir sıra kinofilmlər, teatr tamaşaları, digər sənət nümunələri xalqımızı qəhrəmanlığa kökləyir, qələbə inamı aşılayırdı. Bu əsərlərdəki personajların  əksəriyyəti real həyatdan götürülmüş, cəbhədə mərdliklə düşmənə qarşı vuruşaraq canlarını fəda edən qəhrəmanlarımız idi. Sülh danışıqlarından doğan kütləvi məyusluğu ifadə edərək şair Qabil o zaman "Ümid sənə qalıbdır, Azərbaycan əsgəri!" şeirində xalqımızı azadlıq savaşına səsləyirdi.

Vətən uğrunda fədakarlıqlar göstərmiş igidlərimızın, həmçinin, bu müqəddəs savaşda qəhrəmanlıqla şəhid olan cəsur qızlarımızın - jurnalist Salatın Əsgərovanın, tibb bacısı Gültəkin Əsgərovanın, Xocalı faciəsi zamanı erməni və rus hərbçiləri ilə qeyri-bərabər döyüşdə şücaət gostərən, yüzlərlə dinc sakinimizin həyatını qurtaran Əlif Hacıyevin, Şuşa qəhrəmanı Ramiz Qəmbərovun, atası Xəlil Rza Ulutürkün Kreml ilə və Ermənistanla sözlə apardığı mübarizəni səngərdə azğın düşmənlə silahı və qeyrəti ilə aparan, döyüşçülərimizin "Boz qurd" adı verdiyi Təbriz Xəlilbəylinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Yaxud bakılı yəhudi Albert Aqarunovun, göyçaylı rus, polis starşinası Yuri Kovalyovun, əslən Tula vilayətindən olan təlimatçı-təyyarəçi Yevgeni Karlovun, Gəncədən çavuş İqor Makeyevin, ukraynalı pilot Ruslan Polovinkonun, Samara vilayətindən təyyarəçi Sergey Senyuşkinin, həyatını 1975-ci ildən Bakıya bağlayan Mixail Slesarovun, Tiflisdən ukraynalı pilot Viktor Seryoqinin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və mülki əhalinin erməni vəhşiliyindən qurtarılmasında göstərdikləri fədakarlıqlar, öz həyatlarını qurban vermələri bariz qəhrəmanlıq nümunəsi kimi unudulmazdır. Döyüş yoldaşları tərəfindən "Fred Asif" adlandırılan qəhrəman komandir Asif Məhərrəmovun, tanınmış jurnalistlər Alı Mustafayevin, Çingiz Mustafayevin, milis kapitanı, 1990-cı ilin yanvarın 19-da Naxçıvan Muxtar Respublikasına erməni quldurlarının hücumu zamanı qəhrəmanlıqla həlak olmuş Məhərrəm Seyidovun döyüş yolları bugünkü nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir.​

1994-cü ilin mayında əldə edilmiş atəşkəsdən sonrakı illərdə də Azərbaycan dövlətçiliyinin qorunmasında, ölkədə sabitlik və asayişin təmin edilməsində qəhrəmanlıq göstərmiş bir sıra vətən övladlarının xidmətləri unudulmazdır və xalqımız hər zaman tarixi-siyasi şərait tələb etdiyində öz içindən belə qəhrəmanlar yetişdirməyə qadir olduğunu ortaya qoymuşdur. Məsələn, qəhrəmanlığı dillərdə dastan olan, 2010-cu ilin iyunun 18-də həlak olan, lakin düşmənin onlarla hərbçisini təkbaşına məhv etmiş gizir Mübariz İbrahimovun, 2016-cı il Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyevin fədakarlıqları nəsillərə nümunədir. Ulu öndər Heydər Əliyevin çağırışına yüksək vətənpərvərlik eşqi və komandirlik məharəti ilə səs verən, Horadizin düşməndən azad edən briqadanın komandiri olmuş, bu gün də müntəzəm şərhləri və dəyərləndirmələri ilə ordumuzun nailiyyətlərini xalqa yetirən polkovnik Şair Ramaldanovun həyatı və döyüş yolu bir vətənpərvərlik məktəbidir. 

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətə və rəşadətə görə verilən Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilmişdir. Bu adı daşıyan milli qəhrəmanlarımızın hər birinin ailəsi, ya vərəsəsi dövlətimizin daimi qayğısı altındadır. Vətən və dövlətçilik uğrunda döyüşlərdə xüsusilə fərqlənmiş Milli Qəhrəmanlarımız 215 nəfərdir. Onların böyük əksəriyyəti 1990-cı ilin əvvəllərində torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuşlar, hazırda onların az bir qismi həyatdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, onların problemlərinə hər zaman xüsusi həssaslıqla yanaşırlar. Prezident İlham Əliyevin keçən il seçkilərdən sonra ilk Fərmanı məhz şəhid ailələrinə yüksək dövlət qayğısı ilə əlaqədar idi. 28 yanvar 2019-cu il tarixində şəhid ailələrinin böyük bir qrupunun Prezident sarayında qəbul edilməsi, şəhid ailələrinə birdəfəlik müavinətlərin, maşın və mənzillərin verilməsi kimi dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini təsdiqlədi. Həmin gün Prezidentin fərmanı ilə bütövlükdə 12268 şəhid vərəsəsinin hər birinə, o cümlədən, keçən 2019-cu ildə bu müavinəti almış 3100 şəhid vərəsəsinə də 11 min manat birdəfəlik müavinət veriməsi qərara alındı. Həmçinin, milli qəhrəman və şəhid ailələrinə dövlətimizin ayırdığı aylıq təqaüdlər də artırılmışdır.

Təqdirəlayiqdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hətta başqa ölkənin vətəndaşları olsalar belə, milli qəhrəmanlarımızın ailələri Azərbaycan dövlətinin daimi himayəsi altındadırlar, onların ailələrinə xüsusi aylıq təqaüdlər verilir, ölkəmizin müvafiq qurumları onlarla müntəzəm əlaqə saxlayırlar. Bu sətirlərin müəllifinə bir neçə il bundan əvvəl, Ukraynada diplomatik xidməti zamanı Xarkov vilayətinin Zmiyev şəhərində yaşayan Polovinkolar ailəsi ilə görüşmək, onların Milli qəhrəmanımız Ruslan Polovinko üçün 22 il ərzində almadıqları təqaüdü təqdim etmək həvalə olunmuşdu. Şəhid-qəhrəmanın anası, həyat yoldaşı bank hesablarına keçən böyük məbləğdə vəsaitin ailə üçün yaxşı ev və sair avadanlıqlar üçün kifayət qədər olduğunu ifadə edərək dərin minnətdarlıqlarını Azərbaycan Respublikasının Prezidentinə yetirməyi xahiş etmişdilər. Bu fakt onun bariz göstəricisidir ki, Azərbaycan dövləti qəhrəmanlarımızın ailələrinə daim yüksək diqqət və qayğı göstərir, qəhrəman şəhidlərimizin məzarları da harada yerləşməsindən asılı olmayaraq dövlətimiz tərəfindən himayə olunur.

Nəhayət, Ali Baş Komandanın "Döyüşə!" əmrini gözləyən Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı başladığımız Vətən müharibəsində öz sözünü dedi. Vətən torpağının işğaldan azad edilib etibarlı qorunmasında Azərbaycan əsgəri, bütünlükdə xalqımızın vətənpərvər övladları yeni-yeni qəhrəmanlıq nümunələri ilə adlarını tarixə yazdılar. İndi üç rəngli uca bayrağımız Prezident İlham Əliyevin hər zaman inamla bəyan etdiyi kimi düşməndən azad etdiyimiz bütün torpaqlarımızda qürurla dalğalanmaqdadır. Əminəm ki, biz möhtəşəm qələbəmizin bir illik sevincini yaşayanda Vətən üçün fədakarlıqla öz canlarını qurban verən qəhrəmanlarımızın da intizarlı ruhları şad olur. Keçən illər ərzində öz əsərləri, çağırışları ilə xalqımızın qəhrəmanlıq ruhunu diri tutan, onu zəfərə səsləyən böyük şair və yazıçılarımızın da qəbirləri nurlanır. Şanlı Zəfər Günümüzün astanasında könlümdən keçəni dilə də gətirmək istərdim: "Gözün aydın, Məmməd Araz, Azərbaycan ayağa qalxdı və zəfər çaldı!"   

Sonda bir daha vurğulamaq istərdim ki, qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan zəfər yoludur, bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın qələbə yoludur, öz soy-kökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə sədaqət yoludur, azad edilmiş torpaqlarımızın dirçəldilməsi və quruculuq yoludur, xalqımızın Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə inam yoludur. Yolun açıq olsun Azərbaycan!

Eynulla MƏDƏTLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

“525-ci qəzet”

  • Paylaş: