AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni baş direktoru professor Abbas Seyidov sözügedən müəssisənin kollektivinə təqdim edilib.
AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirib ki, noyabrın 2-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Səsverməyə əsasən, tarix elmləri doktoru, professor Abbas Seyidov Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru seçilib və seçkinin nəticəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. 3 noyabr tarixində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında vəsatət təsdiq edilib.
Daha sonra İ.Həbibbəyli yeni baş direktor professor Abbas Seyidovu kollektivə təqdim edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin akademik İsa Həbibbəyli təqdimat iştirakçılarına bildirib ki, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar qəbul edərək təsdiq üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. Vəsatət 3 noyabr tarixində keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında təsdiq edilib.
İ.Həbibbəyli çıxışında bildirib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilmiş Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, professor Qafar Cəbiyevdir.
Daha sonra İ.Həbibbəyli institutun nəzdində fəaliyyət göstərəcək Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri Qafar Cəbiyevi kollektivə təqdim edib.
Akademik İsa Həbibbəyli Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsində yeni baş direktor professor Abbas Seyidova və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevə bir daha uğurlar arzulayıb.
İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdirləri tarix elmləri doktoru, professor Hidayət Cəfərov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov çıxış edərək institutun yeni baş direktoru professor Abbas Seyidovu və Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyevi təbrik ediblər. Onlar institutun qarşısında duran problemlərin həllində və mühüm vəzifələrin icrasında onlara uğurlar arzulayıblar, effektiv elmi fəaliyyətin icrasında kollektivin birliyinin, qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini qeyd ediblər.
Təqdimatın sonunda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni baş direktoru professor Abbas Seyidov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Professor Abbas Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğalçılar üzərində 44 günlük tarixi qələbəsindən sonra Azərbaycan alimləri qarşısında duran mühüm vəzifələrin icrası istiqamətində institut kollektivinin gerçəkləşdirəcəyi elmi tədqiqatların istiqamətlərindən söz açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.