Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2021 11:48
  • A-
  • A
  • A+

“Vətən savaşında Azərbaycan anası” adlı elmi sessiya keçirilib

“Vətən savaşında Azərbaycan anası” adlı elmi sessiya keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Qadınlar Təşkilatının təşəbbüsü ilə “Vətən savaşında Azərbaycan anası” adlı elmi sessiya keçirilib. Tədbir AMEA üzrə Qadınlar Təşkilatının “Vətən müharibəsində Azərbaycan qadını” adlı layihəsinin növbəti istiqamətlərindən biri olub.

Onlayn təşkil edilən tədbirə AMEA-nın müəssisə və institutlarının əməkdaşları da qoşularaq II Qarabağ müharibəsinin hələ lap başlanğıcında qazanılan böyük qələbələrdən bəhs ediblər.

Elmi sessiyanı muzeyin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova açaraq, tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Ədəbiyyat Muzeyinin Əfzələddin Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Qəhrəman oğulların qəhrəman anaları” mövzusunda məruzə ilə çıxış edib. Yaqut Bahadurqızı bildirib ki, Aran filialının da yerləşdiyi Kürdəmir rayonunda şəhid ailələri ilə tək-tək görüşərək şəhidlər haqqında onların ailə üzvləri, qohum və dostlarından ətraflı məlumatlar toplayaraq, “Ölümü ömür seçənlər” kitabını yazıb. Kitabda 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazmış, döyüşərək canını fəda etmiş Kürdəmirdən olan 39 şəhiddən bəhs olunur.

Sonra muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədovanın “Ana məhəbbəti, ana vüqarı, ana mərdliyi Zəfərimizin dayağı oldu”, Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin elmi işçisi Natəvan Bağırovanın “Azərbaycan qadını – zəfər simvolu” mövzularında məruzələri dinlənilib.

Natəvan Bağırova, həmçinin Azərbaycan torpaqlarının düşmən tapdağından xilası zəfərini tərənnüm edən müəllif şeirlərini səsləndirib.

Biofizika İnstitutunun Qadınlar Təşkilatının sədri Əsmər Məmmədova “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi Qələbə” mövzusunda məruzəsində bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun 2020-ci il sentyabr ayının 27-dən başlayaraq böyük şücaət və əzmkarlıqla apardığı 44 günlük döyüş əməliyyatları işğal altında olan əzəli və əbədi vətən torpaqlarını düşmən tapdağından xilas etdi. 8 Noyabr Azərbaycan tarixinə şanlı qələbə günü kimi həkk olundu.

Çıxışlar slayd və şəhidlərə həsr olunmuş videoçarxların nümayişi ilə davam edib.

Elmi sessiyada AMEA-nın digər institutlarının Qadınlar Təşkilatının nümayəndələri də iştirak ediblər.

Tədbirin sonunda filologiya elmləri doktoru, professor Xatirə Bəşirli çıxış edərək Akademiyanın ən müxtəlif təşkilatlarından tədbirə qoşulmuş əməkdaşları qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, maraqlı çıxış və müzakirələrə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi şanlı qələbəmiz münasibətilə bir sıra tədbirlərdə iştirak edir. Bu sırada “Ölümü ömür seçənlər” kitabı 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində, Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində AMEA nəşrlərinin sərgisində oxuculara təqdim edilib. Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək kitab sərgisində “Ölümü ömür seçənlər” kitabının da imza günü olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: