Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2013 00:00
  • A-
  • A
  • A+

“GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi

“GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi

26-27 noyabr 2013-cü il tarixlərdə AMEA Rəyasət Heyətində Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə “GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi.

2012-ci il aprel ayında Kiyevdə (Ukrayna) keçirilmiş “Kütləvi qırğın və ikili təyinatlı silah istifadəsinin qarşısının alınması” mövzusunda dəyirmi masanın davamı olaraq keçirilən tədbirdə hökumət nümayəndələri, alimlər, o cümlədən UETM mütəxəssisləri, GUAM ölkələrinin beynəlxalq və regional təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Əsas məqsəd kimyəvi, bakterioloji, radioaktiv və nüvə silah risklərinin qarşısının alınması üzrə təhlükəsizlik sahəsində dövlətlərarası təcrübə mübadiləsinin aparılmasıdır.

“GUAM ölkələrinin problemləri və təcrübələri” sessiyasında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovanın həmmüəllifi olduqları “İnformasiya təhlükəsizliyi və təhlükəsiz informasiya mədəniyyəti: problemlər, konseptual baxışlar və perspektivlər” mövzusunda məruzə ilə R.Mahmudova çıxış etdi. Məruzə informasiya cəmiyyətinin yaratdığı problemlər, informasiya təhlükəsizliyi mədəniyyəti, uşaqların təhlükəsizliyinin təmin edilməsi məsələlərini əhatə edirdi.

Məruzəçi öz çıxışında informasiya cəmiyyətinin hərəkətverici qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının insanların informasiya və biliklərə əlyetənliliyinin təmin edilməsi, onların intellektual və mədəni inkişafı üçün yeni imkanlar açdığını qeyd etməklə yanaşı, yeni texnologiyalar və informasiyadan insanların şüurunu manipulyasiya etmək, cəmiyyətdə xaos yaratmaq, milli-mənəvi dəyərlərə zərbə vurmaq üçün də istifadə olunduğunu diqqətə çatdırdı.

O, informasiya məkanında insanların qarşılaşdıqları təhlükələrin və onların mənəvi-psixoloji sağlamlığına ziyan vuran informasiya təsirlərindən danışdı və bu təhlükələrin informasiyanın həm həcmi, həm də məzmunu ilə bağlı olduğunu qeyd etdi. Eyni zamanda uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi problemlərinə toxunan R.Mahmudova xarici tədqiqatlara istinadən bildirdi ki, İnternetdən daim istifadə edən uşaqların psixologiyası və davranışı sürətlə virtual dünyanın diqtə etdiyi dəyərlər istiqamətində dəyişir ki, bu da olduqca təhlükəlidir.

Məruzəçi insanların bu kimi təhlükələrdən qorunması üçün informasiya sferasına dair qanunvericiliyin, təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əhalidə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması və onlarda təhlükəli informasiya təsirlərindən qorunma bacarıqlarının inkişaf etdirilməsi və s. tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirdi. Bu sahədə mövcud olan beynəlxalq sənədlər və qanunvericilik aktları ilə bağlı məlumat verdi.

Bildirdi ki, 2003-cü ildə BMT tərəfindən qəbul edilən “Qlobal informasiya təhlükəsizliyi mədəniyyətinin yaradılması” haqqında Qətnamədə informasiya sistemləri və şəbəkələrini yaradan dövlət orqanları, müəssisə və təşkilatlar, eləcə də fərdi istifadəçilər üçün tələblər müəyyənləşdirilmişdir.

Qeyd etdi ki, İnternetdə təhlükəsizliyin təmin edilməsi hazırda qlobal bir problem kimi böyük narahatlıq yaradır: “Bu məsələ beynəlxalq təşkilatların diqqət mərkəzindədir. 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti məsələlərinə dair Sammitin yekun sənədlərində də uşaq və gənclərin kibertəhlükələrdən müdafiəsinin zəruriliyi ifadə olunur”.

“Azərbaycanda təhlükəsizlik mədəniyyətinin icmalı” mövzusunda məruzə ilə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun(RPİ) Beynəlxalq təşkilatlarla işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin üzvü olduğunu bildirdi.

AMEA RPİ-nin Azərbaycanda radioaktiv və nüvə maddələri üzrə tədqiqatlar aparan yeganə institut olduğunu qeyd edən alim institut laboratoriyalarının Azərbaycanın digər elmi müəssisələri üçün ekspertiza mərkəzi kimi istifadə olunduğunu söylədi.

Tədbirdə, həmçinin Gürcüstanın Təhsil və Elm nazirinin müavini, elmlər doktoru Tamaz Marsagisvilinin “Elmin idarə olunması və təhlükəsizlik mədəniyyəti”, Moldova İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Luri Pinzarunun “Moldova Respublikasında ictimai sağlamlıq üçün bioloji və kimyəvi müalicənin idarə edilməsi üzrə problemlər və təcrübə” və digər mövzularda məruzələri dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: