AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbiri giriş nitqi ilə açaraq Zəfər Günü münasibətilə müəssisənin kollektivini təbrik edib. Qələbənin ildönümündə yaxın keçmişə nəzər salan Ə.Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü qorumaq istiqamətində misilsiz xidmətlərindən bəhs edib.
Ə.Abbasov müasir dövrdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın istər siyasi, istər hərbi, istərsə də mədəni sahələrdə çiçəkləndiyini qeyd edib. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan qələbənin əhəmiyyətinə toxunan Ə.Abbasov bu yolda canlarını fəda etmiş şəhidləri dərin ehtiramla yad edib.
Sonra institutun İntellektual informasiya-ölçmə sistemləri laboratoriyasınin rəhbəri, t.ü.f.d., dosent Məzahir İsayev çıxış edərək Azərbaycanın keçdiyi çətin tarixi dövlərdən, o dövrdə baş verən siyasi proseslərdən, mənfur düşmənin xislətindən və nəhayət xalqın mübarizə əzmindən danışıb. M.İsayev bütün türk dünyası üçün xüsusi əhəmiyyətə malik olan Zəfər Günün önəmini vurğulayaraq Azərbaycanın haqq mübarizəsindən bəhs edib. İkinci Qarabağ müharibəsinin xronikasını yada salan M.İsayev Azərbaycanın bu qələbə ilə tarixi gerçəklikləri bir daha bütün dünyaya bəyan etdiyini bildirib.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ə.Sadıqov, həmçinin ölkə başçısının daim gənc kadr potensialının inkişaf etdirilməsi istiqamətində dəstəyindən danışıb. O cümlədən istər müharibə dövründə, istərsə də sonrakı dövrdə arxa cəbhədə alimlərin, gənc tədqiqatçıların rolunun önəmini vurğulayaraq, qarşıda duran vəzifələrdən söz açıb.
Daha sonra professorlar Knyaz Məmmədov, Ramin Rzayev və İlqar Məmmədov çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan ordusunun qazandığı tarixi qələbənin və Qarabağın yenidən qurulmasının önəminə toxunublar.
Sonra İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədr müavini Aygün Əliyeva çıxış edərək Zəfər Günü münasibətilə kollektivi təbrik edib. Çıxışına ölkə başçısının sözləri ilə başlayan A.Əliyeva müasir dövrdə gənc kadr potensialının önəminə toxunub, milli ruhda yetişdirilən savadlı gənclərin ölkənin inkişafında oynadıqları rola diqqət yetirərək azad olunan torpaqların yenidən qurulmasında onların qarşısında mühüm missiyaların dayandığını bildirib. Müharibə dövründə torpaqların azadlığı uğrunda şücaətlə vuruşan gənclərdən danışan A.Əliyeva ölkə başçısı tərəfindən təsis olunan medal və ordenlərdən bəhs edib.
Sonra müəssisənin GAMŞ sədrinin müavini Lamiyə Nəcəfova çıxış edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafı istiqamətində gənclərin töhfələrindən bəhs edib, qarşıda duran vəzifələrdən danışıb.
Tədbirin sonunda akademik Əli Abbasov İSİ-də ölkənin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətinə toxunub, institut əməkdaşlarının Qarabağın dirçəlməsi ilə bağlı həyata keçirilən müxtəlif layihələrdə iştirak etdiklərini bildirib. Ə.Abbasov tədbir iştirakçılarına təşəkkürünü bildirərək onları Zəfər Günü münasibətilə bir daha təbrik edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.