Rusiya Federasiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, M.Lomonosov adına Moskva Dövlət Universitetinin, Novosibirsk Dövlət Universitetinin və Paleosentralasia Elmi Tədqiqat Mərkəzinin dəstəyi ilə onlayn formatda “Xəzəryanı ərazilərdə istehsal təsərrüfatına keçid” adlı beynəlxalq elmi seminar keçirilib.
Rusiya, İran, Almaniya, İngiltərə, Çernoqoriya, Xorvatiya və Yaponiyanı təmsil edən tədqiqatçılar Xəzərətrafı regionların paleolit, mezolit və neolit abidələrində aparılmış arxeoloji, palinoloji, paleobotanik, arxeogenetik və digər sahələr üzrə tədqiqatların nəticələri barədə çıxış ediblər. Beynəlxalq elmi seminarda Azərbaycanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, İçərişəhər Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova təmsil ediblər.
“Orta Kür çayının hövzəsində neolitləşmə prosesləri” mövzusunda çıxış edən t.ü.f.d. Fərhad Quliyev multidisiplinar tədqiqatların nəticələri əsasında neolit dövrünə aid Şomutəpə arxeoloji mədəniyyətini daşıyan qədim əhalinin məskənlərinin quruluşu, yayılma prosesinin qanunauyğunluqları, təsərrüfat və qidalanma sistemi, dini-ideoloji baxışları barədə məruzə edib.
“Xəzər dənizinin qərb sahilinin mezolit mədəniyyəti. Qobustan” adlı məruzəsində t.ü.f.d. Məlahət Fərəcova Qobustan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidəki mezolit dövrü abidələri, o cümlədən son tədqiqatlar nəticəsində aşkar edilmiş yeni petroqliflər (qayaüstü rəsmlər) barədə elmi tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə iştirak edən Kanaqava Perspektivli Tədqiqatlar Universitetinin (Yaponiya) əməkdaşı, doktor Sayci Aray “Cənubi Qafqazda maldarlığın başlanğıcı: Qərbi Azərbaycandan yeni məlumatlar” adlı məruzəsində COVİD-19 pandemiyasına qədər Azərbaycan Respublikasının Qazax, Ağstafa və Tovuz rayonlarında azərbaycanlı alimlərlə birgə aparılmış arxeoloji və paleozooloji tədqiqatlar, həmçinin Aveydağ Dövlət Tarix Mədəniyyət Qoruğuna daxil Damcılı mağarasındakı arxeoloji qazıntıların nəticələri barədə geniş məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.