Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2021 16:30
  • A-
  • A
  • A+

AMEA əməkdaşları mütəmadi şəhid ailələri və qazilərimizin qayğısına qalır

AMEA əməkdaşları mütəmadi şəhid ailələri və qazilərimizin qayğısına qalır

AMEA-nın vitse-prezidentinin köməkçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərovanın təşkilatçılığı və təşəbbüsü, AMEA Rəyasət Heyətinin, Neft və Qaz İnstitutunun, Geologiya və Geofizika İnstitutunun bir qrup əməkdaşının və digər şəxslərin iştirakı ilə Azərbaycanın şanlı zəfəri ilə yekunlaşan Vətən müharibəsi şəhidlərimizin ailə üzvləri və qazilərimiz mütəmadi ziyarət olunur, onların sosial problemlərinin həlli istiqamətində addımlar atılır, müxtəlif yardımlar edilir.

Belə ki, Vətən müharibəsinin başlamasından bu günə kimi Azərbaycanın bir çox bölgələrində şəhid ailələri və qazilərimizlə görüşlər keçirilib, onların şücaətini əks etdirən tədbirlər təşkil olunub, videoçarxlar hazırlanıb, həmçinin şəhidlərimizin və qazilərimizin övladları üçün əyləncəli tədbirlər həyata keçirilib.

Bundan əlavə, xəstəxana şəraitində də müalicə alan qazilərimiz ziyarət olunub, o cümlədən R.Əsgərovanın təşkilatçılığı ilə həm Vətən müharibəsi ərzində, həm də postmüharibə dövründə qanvermə aksiyalarında fəal iştirak edilib.

Qeyd edək ki, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova Vətən müharibəsi dövründə fəallıq göstərib, cəbhə bölgəsində əsgərlərimizi və yerli əhalini ziyarət edib, xeyriyyəçi insanların dəstəyi əsasında onlara mütəmadi müxtəlif növ yardımlar aparıb. O, İkinci Qarabağ müharibəsi ərzində döyüş bölgəsindəki hərbi qulluqçulara, şəhid və əsgər ailələrinə dəstək aksiyalarında fəal iştirakına görə bir çox Fəxri fərman və medallarla təltif olunub.

Onu da qeyd edək ki, gənc alimin vətənpərvər ruhda yetişməsi və fəaliyyəti onun ailəsindən irəli gəlir. Belə ki, babası Qurban Əsgərov Böyük Vətən müharibəsinin iştirakçısı olub, atası Əkbər Əsgərov isə Birinci Qarabağ müharibəsində yüksək şücaət göstərib və “Topçu Əkbər” ləqəbi ilə tanınıb. Qardaşı Taleh Əsgərov isə Vətən müharibəsinin iştirakçısı olub və Füzulidən Şuşaya qədər qəhrəmanlıqla dolu döyüş yolu keçib, bir sıra medallarla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: