Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2021 15:25
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları hesabat verib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları hesabat verib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi-təşkilati hesabatları dinlənilib.  

İclası AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, 2021-ci il noyabrın 13-də görkəmli kimyaçı-texnoloq, Şöhrət ordenli, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin 75 yaşı tamam olub. Akademik yubilyarı Elmi şura və institutun kollektivi adından təbrik edib, cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Sonra Mineral xammalın kompleks emalı və Qeyri-üzvi funksional materiallar şöbəsinin hesabatları dinlənilib. Qeyd olunan şöbələr üzrə 4 laboratoriyanın 2021- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb. Dilqəm Tağıyev hesabatlar barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini  verib. Alim qeyd edib ki, növbəti ildə fundamental tədqiqatlarla yanaşı innovativ xarakterli işlərə, xüsusilə də respublika iqtisadiyyatına töhfə verəcək işlərə üstünlük verilməlidir. Sonda qeyd olunan şöbələrin hesabatlarının qəbul olunması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, cari ildə hər iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunub. Belə ki, Qeyri-üzvi funksional materiallar şöbəsinə daxil olan Keçid elementlərinin xalkogenidləri laboratoriyasında aparılan elmi tədqiqatların nəticəsi olaraq yayma vallarının işlək hissəsi üçün keçid metalları ilə legirlənib yeni funksional xassəli çuqun sintez olunub. Hazırda həmin çuqunun iştirakı ilə işlənmiş bimetallik valların “Baku Steel Company” MMC şirkətinin yayma prosesində  tətbiqi nəticəsində müəssisə böyük iqtisadi səmərə əldə edir. Mineral xammalın kompleks emalı şöbəsində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq Daşkəsən rayonu ərazisində yerləşən Zəylik alunit filizinin qələvi ilə emalından sonra alınan məhlullardan alüminium hidroksidin çökdürülməsi üçün yeni  metod təklif  olunub. Belə ki,  təklif olunan metodda yaşıl reagent - hidrogen peroksid çökdürücü kimi istifadə olunan zaman prosesin əvvəlində filizin emalına sərf olunan qələvinin bərpa edilməsi və yenidən prosesə qaytarılması mümkün olur. Bununla da,  təklif olunan üsulla aluminat məhlullarından alüminiumlu fazanın çökdürülməsi səmərəliliyinə, maya dəyərinin ucuzluğuna və ekoloji təmizliyinə görə digər texnologiyalardan daha üstündür. Alınan nəticə patentləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: