Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2021 17:04
  • A-
  • A
  • A+

“Tariximizin öyrənilməsində arxivlərin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib

“Tariximizin öyrənilməsində arxivlərin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan II kurs tələbələrinin iştirakı ilə “Tariximizin öyrənilməsində arxivlərin rolu” adlı elmi-praktiki seminar keçirilib.

Seminarda institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxış edərək bildirib ki, arxiv xalqın tarixi zənginliyinin göstəricisi, dövlətçiliyin əsas əlamətlərindən biridir: “Ölkəmizin zəngin dövlətçilik tarixi arxivlərimizin zənginliyindən xəbər verir. Təəssüf ki, müstəqilliyimizin bərpası ərəfəsində, xüsusilə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində meydana çıxan çətinliklər onsuz da Sovet hakimiyyəti illərində diqqətdən kənarda qalmış arxivlərə mənfi təsirini göstərmiş, bu sahənin fəaliyyətində müəyyən çatışmazlıqlara səbəb olmuşdur. Bu problemin həlli dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 2002-ci il dekabr ayının 2-də imzaladığı “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahəyə göstərilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, arxiv işinin inkişafında müstəsna rol oynamışdır. Milli Arxiv İdarəsinin bilavasitə rəhbərliyi ilə dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli və hərtərəfli istifadə etmək məqsədilə onlar üçün axtarış-məlumat sistemi yaradılmış, həmin sistemə siyahılar, arxivlərin yaddaş kitabları, xülasələr, uçot-məlumat sənədləri və başqa məlumatlar daxil edilmişdir. Milli Arxiv İdarəsi və dövlət arxivləri həm müstəqil, həm də başqa elmi-tədqiqat idarələri ilə birlikdə arxivlərdə saxlanılan qiymətli tarixi sənədlər əsasında toplular hazırlayıb nəşr etdirmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev arxiv işin bəhs edərək demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Seminar zamanı arxiv işinin təkmilləşdirilməsi istiqamətində ölkədə, eləcə də muxtar respublikada görülən işlərdən söz açan Y.Rəhimov önəmli tarixi məsələlərə aydınlıq gətirilməsində arxivlərin müstəsna əhəmiyyətindən bəhs edib. Tədqiqatçı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin fəaliyyəti, tədqiqatlarda arxiv materiallarının istifadə qaydalarından söz açıb. Vurğulayıb ki, dövri mətbuat üçün məqalələrin, radio və televiziya verilişlərinin hazırlanmasında arxiv fondlarındakı materiallardan geniş istifadə verilən məlumatın doğruluğunun qarantıdır. Onun sözlərinə görə, hər bir arxiv işçisi tarixi sənədlərin mühafizəsi və səmərəli istifadə edilməsi kimi çətin, şərəfli işi məsuliyyətlə yerinə yetirməlidir, çünki arxiv sənədləri xalqımızın mənəvi sərvətidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: