Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2024 16:31
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda "Şuşa - İslam mədəniyyətinin paytaxtı" mövzusunda elmi seminar keçirilib

Şərqşünaslıq İnstitutunda "Şuşa - İslam mədəniyyətinin paytaxtı" mövzusunda elmi seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa - İslam mədəniyyətinin paytaxtı” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bildirib ki, Qətərin paytaxtı Doha şəhərində ötən il keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirakçıların yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. R.Cümşüdlü bununla bağlı AMEA-da, o cümlədən Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin həyata keçirildiyini, nəşrlərin işıq üzü gördüyünü qeyd edib.

Seminarda Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev məruzə edib.

Məruzəçi İslam mədəniyyətinin mühüm bir qolunu yazılı abidələrin təşkil etdiyini deyərək Şuşada tədqiq etdiyi epiqrafik abidələrdən söz açıb. Məruzə Şuşa şəhərində inşa edilmiş tarixi abidələrə aid inşaat kitabələri və yazılardakı şəhərdə mövcud olan elmi-mədəni mühitlə bağlı mövzuları əhatə edib. Epiqrafik abidələrin tədqiqinin elmi əhəmiyyətindən danışan məruzəçi Məşədi Şükür Mirsiyab oğlunun karvansarasında və Yuxarı Gövhər Ağa məscidinin fasad görünüşündə, eləcə də giriş qapısının ətraflarında olan kitabələrdə yazılanlar, burada elm, təhsil, tarix və mədəni proseslər haqqında ətraflı bəhs edib.

Məruzədə 1905-1906-cı illərdə mütəşəkkil erməni silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc azərbaycanlı müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib. Elnur Mustafayev 2022-ci il iyun-iyul aylarında elmi-tədqiqat məqsədi ilə Şuşa şəhərinə ziyarət edərkən aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu müəyyən edib. Belə ki, onun aşkarladığı bəzi məzar daşlarında ərəb və fars dillərində ermənilərin azərbaycanlı dinc müsəlman əhalini qətlə yetirdiyi haqda məlumatlar həkk olunub. Məruzəçi onu da bildirib ki, epiqrafik abidələr, ümumilikdə maddi-mədəni irs aid olduğu ərazinin və orada yaşayan əhalinin tarixini, eyni zamanda onların həmin ərazilərdə mövcudluğunu isbat edən ən mühüm sübutlardan biri hesab olunur. Bununla yanaşı, daş kitabələr dövrünün milli, dini, mədəni, ictimai düşüncə tərzini, həmçinin cərəyan edən hadisələri öyrənmək üçün ən yaxşı vasitələrdən biridir. Gələcək nəsillərə tarixi irsimiz və əsrlər boyu təşəkkül tapmış zəngin mədəniyyətimiz haqqında daha geniş məlumatları ötürmək üçün bu qəbildən olan abidələr böyük əhəmiyyətə malikdir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: