Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2021 11:22
  • A-
  • A
  • A+

“Beynəlxalq ticarətə cəlbolunma indeksinin təhlili və Azərbaycanın bu reytinqdə mövqeyinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib

“Beynəlxalq ticarətə cəlbolunma indeksinin təhlili və Azərbaycanın bu reytinqdə mövqeyinin yaxşılaşdırılması” mövzusunda seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

Seminarda institutun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Aqil Eyvazov “Beynəlxalq ticarətə cəlbolunma indeksinin təhlili və Azərbaycanın bu reytinqdə mövqeyinin yaxşılaşdırılması” adlı məruzə ilə çıxış edib.

Tədqiqatçı qeyd edib ki, beynəlxalq ticarətə cəlbolunma indeksi ilk dəfə 2008-ci ildə Dünya İqtisadi Forumu tərəfindən dərc edilib. Növbəti hesabat 2010, 2012, 2014, 2016-cı illərdə nəşr olunub. Son 2016-cı ildə dərc olunmuş hesabatda 136 ölkə üzrə göstəricilər öz əksini tapıb. Dörd subindeks və 57 alt indikatorlar  əsasında hazırlanan bu indeksdə Azərbaycan 2016-cı ildə 71-ci pillədə qərarlaşıb.

Aparılan tədqiqat nəticəsində müəyyən olunub ki, ölkələrin bu indeks üzrə aldığı ümumi qiymət və adambaşına düşən nominal ÜDM arasında müsbət güclü korrelyasiya əlaqəsi var (r=0,75). Yəni adambaşına düşən ÜDM-in yüksək olduğu ölkələrin əksəriyyəti bu indeks üzrə ümumi yüksək qiymət alıblar və ön pillələrdə yer tutublar.

Məruzəçi subindekslərin, eləcə də, alt indikatorların hesablanılmasının metodologiyası, Azərbaycanın bu indikatorlar üzrə mövqeyi haqqında məlumat verib, aparılan təhlillərin, əvvəlki illərlə, həmçinin digər ölkələrlə müqayisələrin nəticələrini, fərqliliklərin, dəyişikliklərin səbəblərini izah edib. Məruzəçi 2016-cı ildə dərc olunmuş hesabatın yenidən hazırlanarsa, ölkəmizdə son illərdə xarici ticarətin asanlaşdırılması, nəqliyyat və rabitə infrastrukturunun inkişafı, biznes mühtinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində, respublikanın bu reytində mövqeyinin yüksələ biləcəyini bildirib.

Dövlət Gömrük Komitəsində “Sərhəddə ticarət” işçi qrupunun üzvü olduğunu vurğulayan tədqiqatçı A.Eyvazov Rəqəmsal Ticarət Qovşağı, Azexport.az - “Made in Azerbaijan” portalı, Yaşıl Dəhliz buraxılış sistemi, gömrük sistemində son yeniliklər barədə məlumat verib, bütün bu müsbət dəyişikliklərin Azərbaycanın bu kimi reytinqlərdə mövqeyinin yaxşılaşması üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Məruzəçi tədqiqatın nəticələri barədə məlumat verərək, xarici ticarətin prosedurlarının sadələşdirilməsi, optimal gömrük tariflərinin müəyyənləşdirilməsi, müvafiq beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində İqtisadiyyat İnstitutu ilə birlikdə yerinə yetirilməsi üçün Dövlət Gömrük Komitəsinə layihə təqdim etməyi təklif edib.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb, çıxış edən alimlər öz fikir və mülahizələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: