Avqustun 22-24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, Odlar Yurdu Universiteti, Ərzurum Texniki Universiteti, Atatürk Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Al-Farabi adına Qazax Milli Universiteti, Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyası, Kiyev Taras Şevçenko Milli Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Rusiya Dövlət Aqrar Universiteti, Belarus Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurum şəhərində “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçirilir.
Simpoziumda onlayın giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e. Minarə Həsənova biomüxtəlifliyin aktual elmi problemlərinə həsr olunmuş beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb.
“SEAB 2015” adı altında beynəlxalq simpoziumunun yaranmasının təməli və təşkili 1-5 iyun 2015-ci il tarixindən başlayaraq AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun sabiq direktoru Tofiq Məmmədov tərəfindən həyata keçirildiyini vurğulayıb. 2015-ci ildən başlayaraq SEAB Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti və s. hər il müxtəlif ölkələrdə birgə təşkil edilmişdir.
Alim çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycanın ekoloji problemlərinin həllinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşaraq, ölkəmizin təbiətinin sağlamlığına, biomüxtəlifliyin qorunmasına yönəldilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar verdiyini vurğulayıb.
Bu baxımdan Azərbaycanda “Yaşıl Həyat”, “Yaşıl ekologiya”, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinə böyük üstünlük verilir. Dünyanın ən nüfuzlu tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin xalqımız üçün qürurverici hadisə olduğunu qeyd edib.
O, iqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genefondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması yönündə alimlərə uğurlar arzulayıb.
Daha sonra simpoziumda Türkiyə Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftioğlu, Türkiyə Ərzurum Texniki Universitetinin rektoru Prof. Dr. Bülent Çakmak, Dendrologiya İnstitutu Droxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ramazan Məmmədov çıxış edərək, beynəlxalq simpoziumun aktual elmi problemlərə həsr olunduğunu bildirərək, “SEAB 2024” Avrasiya üzrə tədqiqatçıları bir araya gətirərək ən son elmi tapıntıları paylaşmaq, multidisiplinar əməkdaşlıqlar qurmaq və qlobal ətraf mühit problemlərinə yenilikçi həllər axtarmaq məqsədini daşıdığını vurğulayıblar.
Simpozium avqust ayının 24-ə kimi davam edəcək.
Qeyd edək ki, “SEAB 2024” simpoziumuna “TÜBİTAK 2023” dəstək göstərir, bu da məqalə qəbulunun ödənişsiz olmasını təmin edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.