Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi AMEA Azad Həmkarlar İttifaqının və Azərbaycan Tarix Qurumunun birgə təşkilatçılığı ilə Ağcabədi və Bərdə rayonlarında məskunlaşan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş keçirilib.
Görüşə həmin rayonlarda məskunlaşmış Qərbi Azərbaycandan olan soydaşlarımız, ictimaiyyət nümayəndələri, şəhid ailələri, rayon rəhbərliyi və ziyalıları qatılıblar. “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilən silsilə tədbir avqust ayının 1-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində, avqustun 2-də isə Bərdə rayonunda baş tutub. Tədbirdə Azərbaycan Tarix Qurumunun rəhbəri professor Tofiq Mustafazadə Böyük Qayıdışın tərkib hissəsi kimi Qərbi Azərbaycana Qayıdışın mahiyyətini geniş təhlil edərək, xalqımızın tarixi torpaqlarına qayıtmaq haqqını tarixi faktların dili ilə şərh edib. Müxtəlif zamanlarda saxta tarixi faktlara edilən istinadlarda erməni riyakarlığının rolunu və həqiqi tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.
Çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov tədbirin adının seçilməsinin təsadüfi olmadığını və siyasi cəhətdən Qərbi Azərbaycana Qayıdış konsepsiyasının Azərbaycan dövlətçiliyinin strateji xəttində çox mühüm əhəmiyyətindən danışıb. Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrdə Prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasətinə Qərbi Azərbaycandan olan hər bir vətəndaşımızın və ziyalıların dəstəyinin zəruri olduğunu diqqətə çatdırıb.
F.ü.f.d., dosent Hüseyn İbrahimov çıxış edərək regionda Azərbaycanın iradəsi ilə bərpa olunmuş reallıqların ədalətə, sülhə yol açdığını vurğulayıb. Qərbi Azərbaycanlıların tarixi torpaqlara qayıtmaq hüquqlarının olduğuna dair təhlil aparıb. Tarix üzrə fəlsəfə doktoru, dosent Mahir İbrahimov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq gənc nəslin milli-ideoloji təfəkküründə Qayıdış anlayışının mahiyyətinin formalaşdırılması istiqamətində aparılan işlərdən və gələcək planlara dair dövlətimizin siyasi xəttindən söz açıb.
Silsilə tədbirlər iştirakçılarla fikir mübadiləsi, sualların cavablandırılması ilə yekunlaşıb. Tədbir iştirakçıları Qərbi Azərbaycana Qayıdışın həyata keçirilməsində hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcəklərini və tezliklə hər kəsin öz doğma el-obasına qayıtmaq arzusunu bəyan ediblər.
Sonda xatirə şəkili çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.