Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2025 11:48
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Nəriman Nərimanovun 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Nəriman Nərimanovun 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Əkrəm Bağırov giriş nitqi ilə çıxış edərək tədbirin Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə həyata keçirildiyini diqqətə çatdırıb və çıxış üçün sözü məruzəçilərə verib.

İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşları – aparıcı elmi işçi fil.ü.f.d. Aytən Quliyeva “N.Nərimanovun pedaqoji fəaliyyəti və maarifçilik görüşləri”, böyük elmi işçi Aytən İmanova “N.Nərimanovun ictimai-siyasi baxışları şəxsi arxivində”, elmi işçi Xanımbacı Məlikzadə “Tanıdığımız, tanımadığımız N.Nərimanov” adlı məruzələrində məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verib, onun öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş böyük siyasi xadim olduğunu vurğulayıblar. Bildiriblər ki, Nəriman Nərimanov elmin, maarifin və mədəniyyətin inkişafı, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı uğrunda mübarizə aparmışdır.

İnstitutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli məruzələr ətrafında çıxış edərək Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymət aldığını vurğulayıb.

Sonda tədbir iştirakçıları Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və institut Kitabxanasının Nəriman Nərimanovun 155 illik yubileyi münasibətilə hazırladıqları sərgi ilə tanış olublar. Sərgidə Nəriman Nərimanovun əsərləri, onun şəxsi arxiv materialları və fotoları, “Tibb və İslam”, “İnsan bədəni və onun yemi”, “Təbabətə aid risalə” adlı kitablarının ilk çap nüsxələri, o cümlədən müəssisəmizin alim və əməkdaşlarının görkəmli yazıçı və dövlət xadiminin həyat və yaradıcılığını özündə əks etdirən nəşrləri nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: