Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabı işıq üzü görüb
16.11.2021 14:02
  • A-
  • A
  • A+

“Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabının 1-ci cildi çapdan çıxıb.

1985-ci ildə kiril əlifbası ilə Şövkət Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş kitab Şərqşünaslıq İnstitutunun Elmi şurasının müvafiq qərarı ilə bu günlərdə latın qrafikası ilə “Elm” nəşriyyatında institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin məsul redaktorluğu ilə yenidən nəşr olunub.

Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapıb. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılıb və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilib.

Kitabda qeyd edilir ki, İranda ənənəvi olaraq feodal millətçiliyi olmayıb, araşdırılan dövrdə həm İranda, həm də Cənubi Azərbaycanda ictimai-siyasi fikrin inkişafında milli məsələyə zəif diqqət yetirilib, ölkədə məskunlaşmış bütün xalqlar etnik mənsubiyyətindən asılı olmayaraq vahid millət ideyasından çıxış ediblər.

Oçerkin əhatə etdiyi tarixi dövr (1828-1917) ərzində İranda hakimiyyət türk (Azərbaycan) əsilli Qacar tayfasınının əlində və ordunun əsas hissəsi azərbaycanlılardan təşkil olunmuş olsa da, inzibati-ərazi bölgüsünə görə ölkənin ən böyük əyalətlərindən biri olan Azərbaycanda cəmiyyətin əsas təbəqəsi olan kəndlilər hakim təbəqələr tərəfindən amansızcasına istismar olunurdular.

Vəsaitdə Azərbaycan mədəniyyəti sahəsində baş verən dəyişikliklər, xüsusilə 1905-1911-ci illər İran Məşrutə inqilabı dövründə teatr və mətbuat sahəsində əldə olunmuş uğurlar geniş şəkildə şərh olunur. Qeyd olunur ki, mədəniyyət sahəsində baş verən bu canlanma müvəqqəti xarakter daşısa da, “vətənpərvər azərbaycanlılar içərisində onların ümummilli, mədəni və etnik vəhdəti haqqında fikir yetişir, özünə getdikcə daha geniş yol tapır, cənubi azərbaycanlılar bir millət kimi təşəkkül etməyə başlayırdılar”.

Nəşr demək olar ki, Cənubi Azərbaycan tarixini öyrənmək baxımından ilkin mənbə rolunu oynayır. Əsər səlis dildə, zəngin mənbə və ədəbiyyat əsasında yazılıb.

Kitabın elektron nüsxəsinin də geniş oxucu kütləsinin diqqətinə təqdim edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: