Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.11.2021 11:04
  • A-
  • A
  • A+

“Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm müsabiqə-sərgisi keçirilib

“Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm müsabiqə-sərgisi keçirilib

18-19 noyabr tarixlərində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı I respublika rəsm müsabiqə-sərgisi keçirilir.

Sərgidə gənc rəssamların Vətən müharibəsini əks etdirən 80-ə yaxın rəsm əsəri nümayiş olunur.

Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxartmaq və ictimaiyyətə təqdim etməkdən ibarətdir. Onların milli ruhda böyüməsi, vətənə layiqli övlad yetişməsində muzeydə keçirilən bu tədbir böyük əhəmiyyət kəsb edir. Sərgidə 8-17 yaş arasında olan uşaqların Vətən müharibəsinin, Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, milli birliyimiz təsvir müstəvisində əks olunub.

I respublika rəsm müsabiqə-sərgisinin açılışında incəsənət nümayəndələri, rəssamlar, tarixçi alimlər və muzey əməkdaşları iştirak ediblər.

Tədbiri muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq Vətən müharibəsindəki qələbədən danışaraq, gənc rəssamları təbrik edib. O bildirib ki, vətənimizin Qarabağ zəfərini gənclərin gözü ilə görmək və vətənə məhəbbət duyğularını onların yaradıcılığında hiss etmək çox sevindirici haldır. Uşaqlar bizim gələcəyimizdir. Onlar da 44 gün ərzində Azərbaycan Ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına şahid olublar. Vətənə, milli tariximizə bağlılıq onların hər birinin əl işlərində təcəssüm olunub. Bu müsabiqənin onların yaradıcılıq potensialının üzə çıxarılmasında böyük rol oynayacaq.

Münsiflər heyətinin nümayəndələri gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayıblar.

Müsabiqə müddətində respublika üzrə 8-17 yaş arasında 80-ə yaxın gənc öz rəsm əsərləri ilə müraciət edib.

Rəsm əsərlərinin qiymətləndirilməsi məqsədi ilə münsiflər heyəti - Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Əməkdar incəsənət xadimi, s.ü.f.d. Ziyadxan Əliyev, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, s.ü.f.d. Nardanə Yusifova, əməkdar mədəniyyət işçisi Gülşən Hacıyeva və Rəssamlar İttifaqının üzvü Ərəstun Şahverdiyevin iştirakı ilə müsabiqənin qalibləri seçiliblər. İştirakçılar 8-12 və 13-17 yaş qrupuna bölünərək 3 nominasiyada qalib elan olunublar.

Tədbirin iştirakçılarına sertifikatlar təqdim olunub və qaliblər muzeyin kataloqları və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Sərgi dekabr ayının sonuna qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: