Ölkəmizdə səfərdə olan Türkiyə Təhsil Nazirliyinin Ali və Xaricdə Təhsil departamentinin müdir müavini Eyyup Tanyıldız, Azərbaycan Bakı Türk Anadolu Liseyinin müdiri Abdullah Yılmaz və nümayəndələr Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Qonaqları muzeyin ekspozisiyası ilə filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva tanış edib.
Nizami Muzeyinin ekspozisiyasında Azərbaycan ədəbiyyatı, mədəniyyəti, həmçinin ortaq türk ədəbiyyatı ilə tanışlıq ziyarətçilərdə xoş təəssürat yaradıb. Qonaqlar XVI əsrin görkəmli şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr edilmiş və Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını əks etdirən eksponatları maraqla izləyiblər. Şərqin ilk operasına səhnədə tamaşa etdiklərini və bir daha milli mədəniyyətimizin zənginliyinə heyran olduqlarını bildirən ziyarətçilər Məhəmməd Füzulinin qəzəlini də söyləyiblər.
Sonda türkiyəli qonaqlar bu zəngin ədəbi xəzinənin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan muzey əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.