2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illik yubileyi də daxil edilib.
Təqdim etdiyimiz qısa məlumatda ilk dəfə olaraq Əcəmi Naxçıvaniyə həsr edilmiş muzey materialları (stolüstü medal və 2 ədəd döş nişanı və) işıqlandırılıb. Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fonduna (MATM KTFMF) aid belə materiallar XX əsr faleristikasını təmsil edir və müxtəlif şəxslər tərəfindən muzeyə təhvil verilib.
Görkəmli memara həsr edilmiş stolüstü medal 1976-cı ildə zərb edilib. Köməkçi Tarixi Fənn Materialları Fondunda qeydiyyatda olan bu medalın (KTFM 2237) müəllifi A.M.Rüstəmovdur. Moskva zərbxanasında 5000 ədədlik tirajla, tompakdan zərb edilən medalın çəkisi 122,88 q, diametri 60 mm-dir.
Medalın aversinin kənarlarına kiril əlifbası ilə: “Əcəmi Naxçıvani”, mərkəzdə Əcəmi Naxçıvaninin sola yönəlmiş büstü, reversinə isə yuxarıda: “XII əsrin böyük memarı”, ondan aşağıda orta əsrlərə aid Şərq naxışları və ərəbcə memarın adı, ondan aşağıda isə “BAKI 1976” həkk edilib.
Əcəmi Naxçıvaniyə həsr edilmiş iki ədəd döş nişanları dördbucaqlıdır.
Fondda qeydiyyatda olan gümüşü rəngli döş nişanına (KTFMF 2236: uzunluğu – 35 mm; eni - 25 mm) mərkəzinə: “850”, ondan yuxarıda və aşağıda eyni formalı naxışlar, sağda memarın sola yönəlmiş büstü həkk edilib, aşağıda kiril əlifbası ilə: “Əcəmi Naxçıvani” sözləri həkk edilib.
Digər döş nişanı (KTFMF 1321) nisbətən kiçik həcmlidir (uzunluğu – 20 mm; eni - 15 mm). Tünd göy rəngli fon üzərinə Şərq günbəzi daxilinə memarın anfas büstü, ondan aşağıda kiril qrafikası ilə: “XII əsr”, ondan aşağıda isə: “Əcəmi Naxçıvani” sözləri həkk edilib.
2022-ci ildə t.ü.f.d., dosent Sənubər Qasımovanın tərtib etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı kataloqda (elmi redaktor: F.Cabbarov, Azərb. dil.) Əcəmi Naxçıvaniyə həsr edilmiş stolüstü medalın fotosu və məlumat çap edilib.
Bir əsrdən artıq yaşa malik olan Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında və fondlarındakı müxtəlif tarixi dövrlərə aid çoxsaylı materiallar Azərbaycan tarixi, mədəniyyəti, numizmatikası və d. elm sahələrini tədqiqində vacib əhəmiyyət kəsb edir.
Sənubər QASIMOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Aygün MƏMMƏDOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.