Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.06.2025 11:25
  • A-
  • A
  • A+

“Vətənim” verilişi Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyliyə həsr olunub

“Vətənim” verilişi Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyliyə həsr olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə Azərbaycan ədəbiyyatının görkəmli söz sərraflarından biri, Xalq şairi Rəsul Rza və onun həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin sevgilərindən, onların zəngin yaradıcılıqlarından bəhs olunub.

Akademik Rafael Hüseynov bildirib ki, xalqımızın poetik təfəkkürlü, incə duyğulu novator şairi Rəsul Rza Azərbaycan ədəbiyyatına dərin məzmunlu poemalar, oçerklər, pyeslər və s. poeziya nümunələri bəxş edib. Böyük xalq şairi ömrünün sonuna kimi ana dilinin xidmətində olub, keşiyində durub. Rus və fars dillərini mükəmməl bilən Rəsul Rza Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını tərcümə edib: "Xalq şairinə ədəbiyyat aləmində ölməzlik, əbədiyaşarlıq nəsib olub. O, insan dilini yaxşı bilirdi, insan ruhunun, düşüncəsinin tərcümanı idi".

Diqqətə çatdırılıb ki, Xalq şairi Rəsul Rzanın yaradıcılığında dil məsələləri xüsusi yer tutub. Böyük şair dil məsələsinə yaradıcılığı dövründə dəfələrlə müraciət edib, dilə yüksək qiymət verərək sözün insanlar arasında, ədəbi-bədii əsərlərdə xüsusi əhəmiyyətə malik olduğunu bildirib. 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrini Hələbdə ziyarət edib, onun bir sıra əlyazma nüsxələrini taparaq nəşr etdirib.

Verilişdə Rəsul Rzanın böyük bəstəkar Qara Qarayevlə dostluq münasibətlərindən, Nazim Hikmətin şairin yaradıcılığına verdiyi dəyərdən, həmçinin onun Nigar Rəfibəyli ilə tanışlığından bəhs edilib. Bildirilib ki, 1931-ci ildə Nigar Rəfibəyli Gəncədən Bakıya sürgün edilib. Hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb. 1937-ci ilin fevralında Rəsul Rza ilə nigaha girib. Yarım əsir birgə addımlayan, birgə mübarizə aparan Rəsul Rza və Nigar Rəfibəylini Sovet rejimi yalnız öləndən sonra ayıra bilib.

Qeyd olunub ki, sözündə və əməlində qorxmaz, cəsur olan Nigar Rəfibəyli özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Onun yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub.

"1957-ci ildə Rəsul Rza evliliklərinin 20-ci ildönümündə Nigar Rəfibəyliyə Moskvadan teleqram yollayıb, şeirə bənzəyən bu teleqramda Rəsulun Nigara böyük sevgisi, sədaqəti əks olunub", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Verilişdə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar valideynləri ilə bağlı xatirələrini bölüşüb, həmin dövrün çətinliklərindən danışıb.

Həmçinin akademik Rafael Hüseynov Rəsul Rza və Nigar Rəfibəyli yaradıcılığından şeirlər səsləndirib.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: