AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli tarixçi alim, Rusiya Yazıçılar İttifaqının üzvü, professor Rudolf İvanovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Rudolf İvanovun Azərbaycanla bağlı fəaliyyətindən danışıb. Akademik Rudolf İvanovun əsərlərinin bizim üçün çox etibarlı və zəngin mənbə olduğunu deyib: “Onun əsərləri tarixi salnamədir, nadir şəkillər və arxiv sənədləri saxlayırdı. Nəriman Nərimanova aid arxivdən 80 səhifəlik yeni material tapmışdı. Onları da əlavə edib N.Nərimanov haqqında iki kitab çap etdirdi. Rudolf İvanov Azərbaycan xalqının dostudur. Çoxcildlik “Azərbaycan tarixi” kitabını yazıb. Azərbaycan generalları haqqında çoxcildlik nəşrlər seriyasını bizə ərməğan edib. O, Azərbaycan tarixinin qaranlıq, çətin, mürəkkəb dövrlərini sənədlərlə işləməklə çoxlu məsələlərə aydınlıq gətirib. Bu gün Rudolf İvanovun əsərləri əsasında XIX-XX əsr, sovet dövrü tarixi yenidən yazılmalıdır. Onun Azərbaycanla əlaqələri təkcə əsərləri deyil, görkəmli alim bir çox insanlarla yaxından dostluq edirdi. Dəfələrlə Naxçıvan Muxtar Respublikasında olub. Onu ilk dəfə Naxçıvana filologiya elmləri doktoru Elmira Axundova gətirib. Azərbaycana gəlməyinin böyük təşəbbüskarı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Rudolf İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov onun “Əməkdar jurnalist” fəxri adı alması üçün təşəbbüs göstərib. Bakıda ən mötəbər yerlərdə əsərlərinin təqdimatı keçirilib. Biz özümüzə vəfa borcu bilirik ki, R.İvanovun 90 illik yubileyini keçirək. Həm Humanitar Elmlər Bölməsi üzrə, həm də Tarix İnstitutunda onun yubileyi ilə bağlı müvafiq qərar qəbul edilib”.
“Azərbaycanda akademik İsa Həbibbəyli kimi Rudolf İvanova yaxın insan olmayıb. Həmişə onların dostluğunun şahidi olmuşam. Ancaq elmi müzakirələr edərdilər”, - deyə filologiya elmləri doktoru Elmira Axundova “Görkəmli tarixçi Rudolf İvanov haqqında söz” adlı məruzəsində bildirib.
Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Rudolf İvanovun Naxçıvan səfərləri və Naxçıvana dair əsərləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Kalbalıxan Naxçıvanskinin həyatı və xidmətlərinə Rudolf İvanov baxışı”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Nəriman Nərimanov mövzusu Rudolf İvanovun tədqiqatlarında” və AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev “Rudolf İvanovun əsərlərində Azərbaycanın 1920-ci illər tarixinin əksi” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Rudolf İvanovun həyat yoldaşı Yekaterina Anisimova çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.