AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar jurnalist, istedadlı alim, ictimai xadim və professor Qulu Məhərrəmlinin anadan olmasının 70 illik yubileyi münasibətilə elmi sessiya keçirilib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, televiziya sənətinin və jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib.
Nadir Məmmədli bildirib ki, Qulu Məhərrəmli 30-dan çox kitabın, o cümlədən, bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, eləcə də izahlı lüğətlərin, elmi-publisistik kitabların müəllifidir. Bunların sırasında “Radiodramaturgiya dili” (1990), “Televiziya haqqında etüdlər” (1996), “Televiziya və radio tamaşaları” (A.Dadaşovla birgə, 1999), “Televiziya nitqi və ədəbi tələffüz” (1999), “Audiovizual nitq” (2000), “Ekran və ana dili” (Tehran, 2001), “İctimai televiziya” (2003), “Danışır Təbriz” (2004), “Kütləvi kommunikasiya və dil” (2004), “Radioteatr dəvət edir” (2010) kimi dəyərli əsərlərin adını çəkmək olar. Qulu Məhərrəmlinin radio və televiziya dili haqqında kitabları, elmi məqalələri və metodik tövsiyələri gənc diktorlar və aparıcılar üçün qiymətli vəsaitlərdir.
Alim qeyd edib ki, Qulu Məhərrəmli 20-dən çox sənədli filmin müəllifidir. Ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş üç hissəli “Böyük ömrün anları” və “Okean üzərində körpü” sənədli filmlərinin ssenari müəllifidir.
Sonra Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olunub.
Tədbirdə institutun Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Televiziya və radio nitq mədəniyyəti tribunasıdır”, professor İsmayıl Məmmədli “Qulu Məhərrəmli televiziya və radio dilinin araşdırıcısı kimi”, BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Azərbaycan televiziya məkanında siyasi icmallar veriliş formatı kimi”, dosent Təranə Şükürlü “Ekran, efir və nitq mədəniyyəti problemləri“, şair-publisist Vaqif Bəhmənli “Qulu Məhərrəmlinin publisistikasının dil və üslub xüsusiyyətləri”, professor Allahverdi Məmmədli “Jurnalistika ilə dilçiliyin qovşağında”, Şamama Təvəkkülova “Qulu Məhərrəmli haqqında deyilənlər” mövzusunda məruzələrlə çıxış ediblər. Bildirilib ki, Qulu Məhərrəmli gözəl müəllim, alimdir, bir xeyli sanballı kitab yazmış parlaq televiziya nəzəriyyəçisidir. O, bizim jurnalistika mühiti üçün çox vacib olan daxili zənginlik, peşəkarlıq və yüksək ləyaqətlilik kimi keyfiyyətləri özündə birləşdirən bir məktəbdir.
Məruzəçilər Qulu Məhərrəmlini Azərbaycan mətbuat dilinin, televiziya, radio dilinin, ən başlıcası ədəbi dilimizin qorunması və inkişafı yolunda yorulmadan çalışan, yazan, danışan, mübarizə aparan alim, jurnalist kimi səciyyələndiriblər.
Sonra tədbirdə çıxış edən alimlər qeyd ediblər ki, Qulu Məhərrəmli həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri şərtsiz qəbuletmə bacarığı ilə seçilib.
Elmi sessiyada professor Qulu Məhərrəmli Nadir Məmmədli tərəfindən uğurlu fəaliyyətinə görə Dilçilik İnstitutunun Fəxri fərmanı ilə təltif olunub.
Sonda çıxış edən professor Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin problemlərin həllindən, Dilçilik İnstitutu ilə dostluq bağlarından danışıb. Qulu Məhərrəmli bu tədbirin təşkilinə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və professor Nadir Məmmədliyə öz dərin təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.