Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2021 11:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Abdul Əliyevin 110 illiyi qeyd olunub

AMEA-nın müxbir üzvü Abdul Əliyevin 110 illiyi qeyd olunub

AMEA-nın Yer Elmləri Bölməsi və Geologiya və Geofizika İnstitutunun Elmi şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda geologiya və sedimentologiya elminin inkişafında müstəsna rol oynamış AMEA-nın müxbir üzvü Abdul Əliyevin (1911-1965) 110 illiyi qeyd olunub.

Yığıncaqda əvvəl Geologiya və Geofizika İnstitutunda Abdul Əliyevin elmi əsərlərindən və onun haqqında yazılmış məqalələr toplularından ibarət sərgiyə, həmçinin alimin həyat və elmi yaradıcılıq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət stendə baxış keçirilib.

Sonra Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə Abdul Əliyevin həyat və elmi yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, A.Əliyev Dağıstanın Kubaçi kəndində doğulub, əməksevərliyi, əzmkarlığı sayəsində elmə yiyələnərək istedadlı alim, pedaqoq, elmi təşkilatçı, litologiya elminin dərin bilicisi, ictimai xadim kimi məşhurlaşıb. A.Əliyevin cəmi 4 il rəhbəri olduğu Geologiya İnstitutunda neft ekspedisiyası ilə bağlı 50 cildlik elmi iş hazırlanıb. Gözəl pedaqoq kimi ad çıxarmış alim cəmi 54 il yaşasa da, 20 aspirant hazırlayıb. Sonra o, Dağıstanda Geologiya İnstitutuna rəhbərlik edib. Təşkilatçılığı və əməksevərliyi ilə Dağıstan Respublikası rəhbərliyinin diqqətini çəkən A.Əliyevə Dağıstan Dövlət Universitetinin rektorluğu vəzifəsi tapşırılıb. Hərtərəfli istedad sahibi olan alim həm də  bir qayğıkeş ailə başçısı kimi də nümunə göstərilir. Təsadüfi deyil ki, onun övladları da ata, baba yolunu davam etdirərək geologiya sahəsində yüksək elmi rütbə qazanıblar.

Abdul Əliyevin 110 illik xatirə tədbirinə qatılan dağıstanlı nümayəndələr - Rusiya Federasiyasının Dağıstan Respublikasının eks prezidenti Muxu Əliyev, Dağıstan Elmi Mərkəzi Geologiya İnstitutunun direktoru, t.ü.f.t. Surxay Mmayev, həmin elmi müəssisənin keçmiş direktoru, g.-m.e.d. Vasiliy Çerkaşin Abdul Əliyevi xoş sözlərlə yad ediblər, onu Dağıstanın və Azərbaycanın dəyərli oğlu adlandırıblar. Eyni zamanda A.Əliyevin simasında iki respublikanın, iki xalqın sıx əlaqələrini qeyd ediblər. Xüsusilə vurğulanıb ki, Abdul Əliyev əldə etdiyi nailiyyətlər Azərbaycan xalqının qayğısı və mənəvi dəyərləri sayəsində reallaşıb.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, g.-m.e.d. Çingiz Xəlifəzadə, GGİ-nin aparıcı elmi işçisi, g.-m.e.d. Şahvələd Köçərli çıxış edərək Abdul Əliyev haqqında maraqlı faktlar səsləndiriblər, onunla şəxsi təmasdan aldıqları təəssüratları bölüşüblər.

Abdul Əliyevin nəvəsi, GGİ-nin Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Elmira Əliyeva çıxış edərək babasının xatirəsinə həsr edilən tədbir üçün minnətdarlığını ifadə edib.

Sonra Elmi şuranın gündəliyinə uyğun olaraq GGİ-nin Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər barədə məlumat verib. T.Kəngərli bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində milli parkın yaradılması üçün bütün tələblərə cavab verən təbii şərait mövcuddur və bir neçə ildir ölkəmizin dünya miqyasında bir daha tanıdılması, bölgədə yeni iş yerlərinin açılması, xeyli iqtisadi səmərə verə biləcək geoparkın reallaşması üçün bütün imkanlardan istifadə edilir.

Tədbirdə Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirovun Geologiya və Geofizika İnstitutundakı Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” baza kafedrasının fəaliyyəti haqqında və GGİ-nin baş direktorunun ümumi işlər üzrə müavini, g.-m.e.d. Samir Məmmədovun “Geoservice GGİ” MMC-nin fəaliyyəti barədə  məlumatı dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: