Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi”nin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib.
Bu beynəlxalq əhəmiyyətli elmi layihə müsabiqəsinə qatılan dünyanın 27 ölkəsindən 167 layihənin seçildiyi final mərhələsinə vəsiqə qazanan AMEA-nın Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin elmi məsləhətçisi olduğu və dəstək verdiyi Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Həsənli Rəsul Zaur oğlu və Səməd Vurğun adına 16 saylı tam orta məktəbin şagirdi Musayev Taleh Valeh oğlu kimya fənni üzrə hazırladıqları innovativ layihə təqdimatı ilə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, artıq ikinci dəfə təşkil olunan BUCA IMSEF beynəlxalq müsabiqənin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirmək, elmi araşdırmalar zamanı etik qaydaları öyrənərək və bu qaydaları praktikada tətbiq etməklə gənclərin həyatında həqiqət prinsipini daşıyan şəxsiyyət kimi yetişməsinə töhfə vermək, elmi araşdırmalar aparan, layihələr hazırlayan, yeniliyə açıq, sorğulayan, Atatürk prinsiplərini və inqilablarını mənimsəyən, özünə güvənən, işindən zövq alan nəsillər yetişdirmək, dünyanın hər yerindən eyni yaş qrupundan olan gəncləri bir araya gətirmək, elmi və mədəni mübadilə etmək, gənclərin Türkiyə təmsilçisi olaraq xaricdə keçirilən yarışmalarda öz layihələri ilə iştirakına şərait yaratmaq, dünyagörüşünü genişləndirmək və beynəlxalq platformada söz sahibi olmaq, musiqi istedadı olan uşaqların üzə çıxarılması, onların istedadlarının üzə çıxarılması və bu sahədə inkişafına dəstək olmaqdır.
Müsabiqə ekologiya, sağlamlıq, enerji, texnologiya ilə bağlı problematik mövzularda milli və beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaq və layihələr hazırlayıb təqdim etməklə həll yolu tapa bilən, öyrəndiyi bilikləri tətbiq edə bilən, informasiya texnologiyalarından sorğu-sual edə bilən və faydalana bilən istedadlı gənc mütəxəssislərin məktəb yaşlarından hazırlanmasına dəstək olmaq və bu yolla elm, texnologiya və incəsənəti inkişaf etdirmək də sözügüdən müsabiqənin əsas misiyasına daxildir.
Onu da qeyd edək ki, Mingəçevir şəhəri Səməd Vurğun adına 16 saylı tam orta məktəbi artıq ikinci dəfədir ki, məktəblilərin beynəlxalq müsabiqəsinə qatılaraq böyük nailiyyətə imza atmaqla Azərbaycan təhsilini beynəlxalq səviyyədə layiqincə təmsil edir.
Xatırladaq ki, 2020-ci ildə sözügedən məktəbin yetirməsi Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəsi ilə BUCA IMSEF-2020 beynəlxlaq layihə müsabiqəsində gümüş medalla təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.