AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası 19 may 2025-ci il tarixindən etibarən arxeoloji qazıntılara başlayıb.
Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsisian parçaları aşkar olunmuşdur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olmuşdur. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olmuşdur.
Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.