Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2021 11:05
  • A-
  • A
  • A+

Dövlətin aqrar siyasəti və kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələr aparılıb

Dövlətin aqrar siyasəti və kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələr aparılıb

Noyabrın 29-da AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib.

Sonra İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Famil Rüstəmovun “Dövlətin aqrar siyasəti və kənd təsərrüfatının inkişafının planlaşdırılması məsələləri” mövzusunda məruzəsi dinlənilib. Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolundan və əhəmiyyətindən danışan məruzəçi bildirib ki, 2020-ci ildə Ümumi Daxili Məhsulda (ÜDM) kənd təsərrüfatının payı 6,9% olub: “Son illərdə respublikamızda aqrar sahədə bir sıra islahatlar aparılıb, dövlət dəstəyi mexanizmi təkmilləşdirilib. Xüsusilə subsidiyaların verilməsində bir sıra yeniliklər edilib. 2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyinin nəzdində Aqrar Subsidiya Şurası yaradılıb, keçən ilin əvvəlindən kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizmin tətbiqinə başlanılıb, fermerlərə subsidiya kartları paylanılaraq, vəsaitin birbaşa bank kartlarına köçürülməsi təmin edilib. Prosesdə icra hakimiyyəti strukturlarının təsiri və iştirakı minimuma endirilib, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılıb. Hazırda əkin və məhsul subsidiyası ilə yanaşı, fermerlərə toxum, heyvan, arı və  barama subsidiyası da verilir”.

Tədqiqatçı qeyd edib ki, keçən ilin noyabr ayında respublikamızda dövlət dəstəyi ilə yeni aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, aqrar sığorta qaydalarına əsasən fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir: “Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə 3,906 milyon manat sığorta haqqı toplanılıb. Toplanan sığorta haqlarının böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələrinin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb. Ölkə başçısının 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya qaydaları”na edilən dəyişikliyə əsasən 7 bitki növü - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limon üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər. Bu isə onu deməyə əsas verir ki, növbəti illərdə əkin sahələri üzrə toplanan sığorta haqlarının miqdarı xeyli artacaq”.

Alim qeyd edib ki, son illərdə kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının, eləcə də ixrac olunan məhsulların çeşidlərinin genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” brendi ilə iştirakı təmin olunur,  xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılır. F.Rüstəmov diqqətə çatdırıb ki, kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı yüksəkdir, Avropa və ərəb ölkələrinə isə həm məsafə baxımından, həm də sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdud olaraq qalır.

Məruzəçi vurğulayıb ki, aqroparkların yaradılması istiqamətində 1,2 mlrd. manat investisiya qoyulub. 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqroparkın  yaradılması nəzərdə tutlub: “Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq fəaliyyəti, biri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb və  bu aqroparklarda 4750 işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. 2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393 ton zeytun, 183 ton badam, 200 ton nar, 165 ton üzüm və s. yığılıb”.

F.Rüstəmov aqrar sektorun inkişafı ilə bağlı təklif və tövsiyələrini də səsləndirib.

Sonra aqrar sektora dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və ixracı problemləri, daxili bazarın qorunması, potensial imkanlar, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: