Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2021 13:05
  • A-
  • A
  • A+

YT Parkın icraçı direktoru MDB-yə üzv dövlətlərin alimlərinin III Forumunda iştirak edib

YT Parkın icraçı direktoru MDB-yə üzv dövlətlərin alimlərinin III Forumunda iştirak edib

23-27 noyabr 2021-ci il tarixlərində AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) icraçı direktoru Zaur Nəhmətov Belarusun Minsk şəhərində ezamiyyətdə olub.

O, MDB-yə üzv dövlətlərin alimlərinin III Forumunda və forum tərəfindən keçirilən görüşlərdə iştirak edib.

Səfər çərçivəsində noyabrın 24-də Belarus Milli Elmlər Akademiyasının İdentifikasiya Sistemləri Mərkəzində texniki direktor Qennadiy Volnisti və texniki direktorun müavini Aleksandr Reşetnyak ilə görüş keçirilib. Görüş zamanı mərkəzdə aparılan innovativ tətqiqatlar, identifikasiya texnologiyaları və bu texnologiyaların elektron ticarətdə istifadə imkanları barədə məlumat verilib, eləcə də mərkəzdə yeni yaradılmış elektron identifikasiya vasitələrinin Azərbaycanda tətbiqi, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru Sergey Lemeşevskiy ilə görüş keçirilib. Görüşdə Riyaziyyat İnstitutunda son illərdə əldə edilmiş nailiyyətlər, AMEA YT Park ilə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Noyabrın 25-də forum çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təşkil olunan “İnnovativ elmi tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. YT Parkın icraçı direktoru Z.Nəhmətov tədbirdə “Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi” adlı məruzə ilə çıxış edib.

Z.Nəhmətov məruzəsində son zamanlar ölkəmizdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirildiyini bildirib. O, bu məqsədlə Azərbaycanda qəbul edilmiş, ölkənin innovativ inkişafının stimullaşdırılmasına yönələn dövlət strategiyaları, proqramlar barədə ətraflı məlumat verib.

İcraçı direktor bildirib ki, ölkədə innovasiya-texnologiya mərkəzləri, biznes-inkubatorlar, texnologiyaların transferi, elmi işlərin kommersiyalaşdırılması istiqamətlərinin inkişafına dövlət tərəfindən dəstək verilir.

“Bu gün Azərbaycanda texnoparkların təşkili İT sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilmişdir, - deyə bildirən məruzəçi AMEA-nın da son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Əlavə edib ki, AMEA nəzdində Yüksək Texnologiyalar Parkının yaradılması elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.

Forum çərçivəsində, həmçinin Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qızğızıstan və Tacikistan Respublikalarından olan nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Noyabrın 26-da Belarus Yüksək Texnologiyalar Parkında qurumun direktor müavini Kiril Zaleski və texnoparkın Qlobal Kooperasiya ofisinin direktoru Lyubov Mayorova ilə görüş keçirilib. Görüşdə Belarus Yüksək Texnologiyalar Parkının tarixi və bu günü, imkanları, innovativ layihələr, tətbiq edilən güzəştlər, rezidentlər, statistik göstəricilər barədə geniş məlumat verilib. AMEA YT Park və Belarus Yüksək Texnologiyalar Parkının əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə AMEA YT Parkın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub, görülmüş işlər barədə məlumat verilib.

Sonda Belarus Yüksək Texnologiyalar Parkında hazırlanmış innovativ məhsullara baxış keçirilib, texnoloji yeniliklər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: