AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamının məntiqində bir çox mühüm məsələlər dayanır. Birincisi budur ki, Nizamini Azərbaycan xalqı sovet dövrü düşüncəsi ilə tanıyıb. Sovet dövründə onun mənşəyi haqqında dərinə getmək tələb olunmurdu. Türk düşüncəsi ilə Nizami Gəncəviyə yanaşma sovet dövründə qapalı mövzu idi. O dövrdə Nizami ilə bağlı çox iş görülüb, eyni zamanda, bir çox işlər də qalıb. Xalqın düşüncəsindəki sovet dövründən gələn Nizami onun tam obrazı deyil. Nizami oğlu Məhəmmədə “mənim türk balam” deyə müraciət edib. O vaxtlar bunları yazmağa məhdudiyyət vardı. İkincisi, dünyada Nizamini tanıtmaqdır. Nizamini dünya tanıyır, sağlığında Hindistan, Babilistan, İran və digər ölkələrdə onun əsərləri oxunurdu. İndi isə onu Azərbaycan şairi kimi tanıtmaq əsas məsələdir.
Akademik İsa Həbibbəyli Nizami ilə bağlı Ədəbiyyat İnstitutunda nəşr olunmuş işlər haqqında geniş məlumat verib. Həmçinin institut tərəfindən “Xəmsə”nin çap ediləcəyini bildirib: “Sirlər xəzinəsi”nin otuz əlyazma əsasında elmi-tənqidi mətni hazırlanıb. Ümumiyyətlə, Nizaminin təbliği işində ən çox dəstək verənlərdən biri Yaqub Öməroğludur. “Qardaş qələmlər”in xüsusi buraxılışı Nizaminin pasportu ola biləcək dərgidir. Onun müəllifi əziz dostumuz Yaqub Öməroğludur”.
Sonra Yaqub Öməroğluya böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinin Türkiyədə təbliği və nəşri sahəsindəki xidmətlərinə görə AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanı təqdim edilib.
Avrasiya Yazarlar Birliyinin rəhbəri, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu deyib: “Mən bu institutun türk dünyası ilə bağlı araşdırmalarını uzaqdan duyurdum. Burada sizin şöbələrinizdə olmaq, sizinlə tanışlıq, şöbələrin gördüyü işləri yaxından müşahidə etmək məni çox sevindirdi. Türk dünyası üçün Bakı bir ədəbiyyat mərkəzinə dönüb. “Nizami Gəncəvi İli”ndə gördüyümüz bu işlər Türkiyədə Nizaminin tanınması istiqamətində bir başlanğıcdır. “Qardaş qələmlər”in yayımlandığı ölkələrdə Nizami Gəncəviyə yeni baxış formalaşdığını gördük”.
Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxışında əlavə edib ki, Nizaminin Şərq bədii təfəkkürünə gətirdiyi ən böyük bəşəri fikirlərdən biri də xalqlar arasında dostluğu təbliğ etməsidir. “Qardaş qələmlər”in bu sayının da dostluğa, qardaşlığa söykəndiyini deyən şöbə müdiri dərginin baş redaktoruna təşəkkürlərini çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, türk dünyasında ədəbi-mədəni əlaqələrin gələcək inkişafından danışanda Yaqub Öməroğlunun adını çəkirik. “Qardaş qələmlər” dərgisi artıq on beş ilə yaxındır ki, bütün türk dünyasının ədəbiyyatını birləşdirmək sahəsində böyük işlər görür.
Sonda Nizamişünaslıq şöbəsinin əməkdaşı Təhminə Bədəlova Nizami Gəncəvi yaradıcılığından nümunələr səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.