Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Fransanın Strasburq Universiteti və Fransa Respublikasının Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova açaraq qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıblar.
Tədbirin açılış sessiyasında AR Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Michel Deneken, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və UFAZ-ın Tədqiqat departamentinin rəhbəri, professor Philippe Turek çıxış edərək konfransın əhəmiyyətindən və iki ölkə arasında elmi əlaqələrin inkişafından bəhs ediblər.
Açılış mərasiminin əsas qonağı qismində Strasburq Universitetinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn “Həyat boyunca addımlar: kimya” adlı məruzə ilə çıxış edərək kimya elminin kainatın təkamülündəki rolu barədə danışıb.
Daha sonra tədbir 3 paralel sessiyada 2 gün ərzində onlayn formatda davam edib. Konfransda ADNSU, UFAZ və Strasburq Universitetini, AMEA-nın elmi müəssisələrini və digər elmi təşkilatları təmsil edən alim, professor və gənc tədqiqatçılar kimya, yer elmləri və kompüter elmləri sahəsində müxtəlif elmi məruzələrlə çıxış ediblər. Tədbirə ümumilikdə 200-ə yaxın alim, müəllim, gənc tədqiqatçı və tələbə qatılıb. Konfransda, həmçinin gənc tədqiqatçıların hazırladığı elmi posterlərin təqdimatı da olub.
Yığıncaqda AMEA-nın Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova “Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “Sənaye ilə əməkdaşlıq – birgə necə işləmək olar?” sessiyası da baş tutub. Bu hissədə universitetlər və biznes arasında əməkdaşlığın müxtəlif formaları müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.