Dekabrın 3-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə baş tutan tədbirdə müəssisənin Biomolekulların strukturu, dinamikası və funksiyası, Ekoloji biofizika, İnteqrativ biologiya, Molekulyar və hüceyrə biokimyası, Molekulyar və hüceyrə onkologiyası laboratoriyalarının müdirləri və müvafiq elmi işlər üzrə rəhbərlər çıxış edərək qurumun laboratoriyalarında 2021-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat veriblər. Çıxışlarda cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti, koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı həyata keçirilən elmi tədqiqatlar, beynəlxalq indeksli jurnallarda dərc edilmiş elmi məqalələr, qrant layihələri barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.
Sonra çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Elmi şura üzvləri institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini qənaətbəxş qiymətləndirərək, laboratoriyaların hesabatlarının təsdiq edilməsinin lehinə yekdilliklə səs verib.
Sonda 2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.