Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2021 10:55
  • A-
  • A
  • A+

Cənubi Azərbaycan folklor tədqiqatçılarının iştirakı ilə tədbir keçirilib

Cənubi Azərbaycan folklor tədqiqatçılarının iştirakı ilə tədbir keçirilib

Türkiyənin İnönü Universiteti və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “İran Azərbaycanında sözlü mədəniyyət (Cənubi Azərbaycan Folkloru)” mövzusunda baş tutan layihə çərçivəsində müxtəlif türkdilli ölkələrin elm adamlarının iştirakı ilə onlayn seminar keçirilb.

Tədbirin təşkilatçısı İnönü Universiteti Türk dili və ədəbiyyatı fakültəsi, Türk Xalq Ədəbiyyatı ixtisası şöbəsinin müdiri Gülcan Kızılözən seminarı açaraq, türk dünyasının müxtəlif elmi müəssisələrindən qatılan  elm adamlarını salamlayıb. Cənubi Azərbaycan folklor örnəklərinin toplanması, tədqiqi və nəşri sahəsində bugünədək görülən işlər barədə məlumat verən Gülcan Kızılözən şəxsən özünün dəfələrlə araşdırma və toplama işləri ilə bağlı Cənubi Azərbaycanın müxtəlif bölgələrində olduğundan, apardığı tədqiqatlardan danışıb.

G.Kızılözən AMEA-nın Folklor İnstitutunda bu sahədə önəmli işlər görüldüyünü, daha uğurlu nəticələrə nail olmaq üçün Cənubi Azərbaycan folkloru adlı ayrıca şöbə yaradıldığını da diqqətə çatdırıb.

Seminarda Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d.,dos. Mətanət Abbasova şöbədə görülən işlər barədə məlumat verərək bildirib ki, bugünədək Cənub folkloru ilə bağlı, toplama, transliterasiya və dinləmə materialları əsasında on iki cildlik folklor nümunələrindən və Təbriz folklor örnəklərindən ibarət kitablar nəşr edilərək oxucuların ixtiyarına verilib.

Tədbir iştirakçılarından Prof. Dr. Ramilya Yıldırım, Prof. Dr. Neslihan Durak, Prof. Dr. Tekin İzgi, Prof. Dr. Teymuraz Abbasov, fil.ü.f.d. Qiymət Məhərrəmli də mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlar zamanı günümüzün ən başlıca məsələlərindən olan Cənubi Azərbaycan folklor örnəklərinin toplanması, tədqiqi və nəşri probleminin ümumtürk kontekstində həllinin vacibliyi xüsusi vurğulanıb.

Sonda Gülcan Kızılözən seminarın məruzəçisi Mətanət Abbasovaya və bütün iştirakçılara təşəkkür edərək, birgə və səmərəli əməkdaşlıq sahəsində elm adamlarına uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: