Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2021 14:38
  • A-
  • A
  • A+

MBBİ-nin Elmi şurasının növbəti iclası keçirilib

MBBİ-nin Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Elmi şuranın növbəti iclası keçirilib.

İclası açan institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova institutun baş elmi işçisi, b.e.d. Şahniyar Bayramovu 60 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib və ona fəxri fərman təqdim edib. Tədbirdə Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının, Proteomiks beynəlxalq laboratoriyasının, Gənc Alim və Mütəxəssislər Şurasının və Mülki Müdafiə Qərargahının illik hesabatları dinlənilib.

Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi” mövzusu ətrafında görülən işlər və əldə olunan nəticələr, laboratoriyanın elmi-təşkilati fəaliyyəti, əməkdaşların yerli və xarici elmi ezamiyyələri, nəşr olunan məqalələr, kadr hazırlığı haqqında şura üzvlərinə məlumat verib.

Proteomks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov cari ildə “Bitkilərin ətraf mühitin stres amillərinə cavab reaksiyalarının molekulyar-genetik və proteomik tədqiqi” mövzusuna uyğun tədqiqatların uğurla aparıldığını söyləyib. Fosfoproteom yanaşmadan istifadə etməklə ilk dəfə olaraq düyü bitkisində xlorofil flüoressensiyasının enerjidən asılı sönməsində tilakoid zülallarının fosforlaşmasının rolu aydınlaşdırılıb, PsbS, PSII və LHCII zülalları və onların fosforlaşmış formaları arasında işıqdan asılı qarşılıqlı təsirlər aşkar edilib. Qeyd olunub ki, laboratoriya gənc olmasına baxmayaraq, burada kadr hazırlığı sahəsində böyük uğurlar əldə olunub. Kiçik elmi işçi Aynurə Paşayevanın “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Kiçik elmi işçi Lalə Qurbanova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqənin qalibi kimi Koreya Respublikasının “Kyunq Hee Universitety” universitetində doktorantura təhsili almaq üçün təqaüd haqqı qazanıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova şuranın yeni formalaşdırılan tərkibi haqqında məlumat verib, cari ildə institutun gənclərinin elmi tədqiqat işlərində və institutun ictimai həyatındakı fəaliyyətindən bəhs edib.

Mülki müdafiə qərargahının rəisi Valeh İmanov əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və fövqaladə halların qarşısının alınması istiqamətində il ərzində institutda görülən mülki müdafiə əməliyyat tədbirləri və hazırlığının gedişi haqqında hesabat verib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Sonda Elmi şura üzvləri təqdim olunan hesabatların qəbul edilməsinə yekdilliklə səs veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: