Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2021 14:20
  • A-
  • A
  • A+

YT Parkda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

YT Parkda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) müasir Azərbaycanın qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə əbədiyaşar lider Heydər Əliyevin Parkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub, onun xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla yad edilib.

YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən hər zaman böyük qürur və iftixar hissi ilə anılır. Ulu Öndərin keçdiyi şərəfli həyat yoluna nəzər salan V.Abbasov ümummilli liderin müstəsna xidmətləri ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığını deyib.

O, görkəmli dövlət xadiminin ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Bildirib ki, dahi lider Heyər Əliyevin xidmətləri sayəsində Azərbaycanda sənaye sektoru yeni inkişaf yoluna qədəm qoymuş, nəhəng sənaye müəssisələrinin yaradılması davamlı xarakter almışdır.

Baş direktor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılan texnoparklar, o cümlədən YT Park yeni istehsal sahələrinin meydana gəlməsinə və regionların tarazlı sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir.

V.Abbasov Ümummilli Liderin vaxtilə işğal altındakı ərazilərimizin azad olunacağına dair nikbinliyini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın tarixi və şanlı zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Sonra çıxış edən YT Parkın icraçı direktoru Zaur Nəhmətov vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

O, Ulu Öndərin ölkəmizdə milli, yüksəkixtisaslı kadrların yetişdirilməsinə göstərdiyi diqqətdən bəhs edib, bu gün Azərbaycanda gənclərin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin böyük rola malik olduğunu bildirib. 

Tədbirdə çıxış edənlər dahi şəxsiyyət H.Əliyevin Azərbaycanın inkişafı naminə uzaqgörən, müdrik xarici və daxili siyasət həyata keçirdiyini bildiriblər, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verməkdə olduğunu diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: