Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz vermişdir
09.12.2021 17:38
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz vermişdir

AMEA-nın Geologiya və Geofizika İnstitutunda uzun illər çalışmış geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Fərid Dadaşov 2021-ci il dekabrın 8-də vəfat etmişdir.

Fərid Həsən oğlu Dadaşov 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə “Mühəndis-geoloq” ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1952-1954-cü illərdə bu institutun aspiranturasında oxumuşdur. 1955-ci ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1957-ci ildən AMEA-nın Geologiya və Geofizika İnstitutunda işləmişdir.

Azərbaycanın geoloji ictimaiyyəti Fərid Dadaşovu neft-qaz geologiyası, təbii qazların geokimyası və faydalı qazıntıların geokimyəvi axtarışı üsullarının işlənilməsi sahəsində görkəmli alim kimi tanıyırdı.

Yer qabığı, hidrosfer və atmosferin təbii qazlarına dair onun geokimyəvi  tədqiqatları onların yayılmasının əsas qanunauyğunluqlarını müəyyən etməyə, alp tektonik qurşağının müxtəlif regionlarının qaz rejimlərinin formalaşması şəraitini aydınlaşdırmağa və yer təkinin müasir karbohidrogen “nəfəsinin” intensivliyini qiymətləndirməyə imkan vermişdir.

Onun nəzəri hesablamaları neft, qaz və filiz yataqlarının axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərinin inşaatında uğurla tətbiq edilmişdir. Alimin işlərinin nəticələri ekologiya sahəsində tədqiqatların aparılmasında böyük əhəmiyyət kəsb etmişdir.

Xəzər dənizinin sualtı palçıq vulkanlarında qaz-hidratların əmələ gəlməsinin  mümkünlüyü ilk dəfə F.Dadaşov tərəfindən nəzəri cəhətdən əsaslandırılmış və Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutundan olan həmkarlarımızla birlikdə dəniz ekspedisiya işlərində öz təsdiqini tapmışdır. O, hidrosfer qazlarının öyrənilməsinin yeni üsulunu təklif etmiş, su və dib çöküntülərindən germetik sınaqların götürülməsi üçün cihaz kompleksi işləyib hazırlamışdır.

Professor Fərid Dadaşovun elmi fəaliyyəti respublikamızın hüdudlarından çox kənara çıxmışdır. Keçən əsrin  80-ci illərində o, Moskva Mühəndis-Fizika İnstitutunun alimləri ilə birgə neft-qaz geologiyasında lazer qaz-analizatorlarından istifadə edilməsi və stratosferin karbohidrogen “nəfəsinin” qiymətləndirilməsi üzrə səmərəli işləmişdir. O, həmçinin Birləşmiş Nüvə Təqiqatları İnstitutundan (Dubna şəh.), Çexoslovakiyanın Mərkəzi Geologiya İnstitutundan  və s. olan həmkarları ilə əməkdaşlıq etmişdir.

Son onilliklərdə F.Dadaşov neft-qaz yataqlarının və Cənubi Xəzər çökəkliyinin palçıq vulkanlarının karbohidrogen qazlarının kimyəvi və izotop tərkiblərinin dəyişməsinin qanunauyğunluqlarının öyrənilməsi üzrə xarici şirkətlərlə və firmalarla (BP/Statiol, BP/AMOKO, LASMO və s.) birgə işlərdə fəal iştirak etmişdir.

O, özünəməxsus uzaqgörənlik istedadına malik idi. Cənubi Xəzərdə bir sıra iri neft, qaz və qaz-kondensat yataqlarının açılması ilə onun proqnozları təsdiqlənmişdi. O, “Günəşli” dəniz neft yatağının ilk kəşfçilərindən biri idi.

Professor F.Dadaşovun elmi tədqiqatlarının nəticələri 350 elmi əsərdə və 8 monoqrafiyada öz əksini tapmışdır, Azərbaycanın bir sıra geoloji  xəritələrinin həmmüəllifidir.

Geniş bilik sahəsinə malik  mütəxəssis, yüksək mədəniyyətli, dərin şəxsi cazibəli insan kimi o, öz həmkarlarının, xüsusilə gənclərin böyük hörmətini və rəğbətini qazanmışdır. Gənc alimlərin hazırlanmasında onun böyük rolu olmuşdur. Çox sayda elmlər namizədləri və doktorları hazırlayan F.Dadaşov faktiki olaraq Azərbaycanın geoloq-geokimyaçılarının elmi məktəbini yaratmışdır.

Professor F.Dadaşovun çoxillik və səmərəli elmi, elmi-təşkilati və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf nişanı” (1981) ordeni ilə, Çexiya və Slovakiya Geologiya idarələrinin medalları ilə (1986) təltif edilmişdir. 1988-ci və 2010-cu illərdə F.Dadaşov Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş, 1991-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

Professor F.H.Dadaşov həmişə elmi axtarışlarda olmuş, hər zaman elmi tədqiqatlarında yeniliyə cəhd etmişdir. Onun elmdə keçdiyi yol, elmə məhəbbəti, əməksevərliyi, məqsədyönlülüyü, gənc mütəxəssislərin, geoloqların  bir çox nəsilləri üçün yaxşı həyat etalonudur.

Şərəfli ömür yaşamış, xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Fərid Dadaşovun parlaq xatirəsi onu tanıyanların və davamçılarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: