Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva
XX əsrin görkəmli Azərbaycan siyasətçisi, Ulu Öndər Heydər Əliyev fenomen idarəetmə ustalığı ilə seçilən böyük dövlət xadimi, unikal təşkilatçı, qurucu bir şəxsiyyət olmuşdur. Ulu Öndər Heydər Əliyev xüsusi idarəetmə strategiyası ilə fərqlənən lider, siyasi xadim, dövlət və hakimiyyət quruculuğu ilə tarixləşən şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir.
Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev siyasi fəlsəfəsində onun baxış və fikirləri, Ulu Öndərin əksər ifadələri müdrik deyim hüququ qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün də fikirləri elmdə, məruzələrdə istifadə olunur.
Siyasi-nəzəri fəaliyyətlə dövlətçilikdə praktiki quruculuq missiyasının vəhdəti, siyasi-ideoloji təfəkkür güclü uzaqgörən məntiqlə idarəetmə praktikası ulu öndər Heydər Əliyev fəaliyyətinin təzahürüdür. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi proseslərdə keçdiyi yol Azərbaycanda “Heydər Əliyev dərsləri”, “Heydər Əliyev məktəbi” adlanır.
Bu məntiqdən Prezident İlham Əliyev vurğulayır ki: “2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər”.
Müasir Azərbaycanda Heydər Əliyev məktəbinin ən uğurlu davamçısı Prezident İlham Əliyevdir. Bu məktəbin bir layiqli yetirməsi də ölkənin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevadır. Xanım Mehriban Əliyeva “Həyat dərsi” məqaləsində yazır ki: “Heydər Əliyev dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarixi salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, liderdir. Vətənin Azərbaycanın taleyi, onun adı, taleyi ilə əbədi olaraq bağlandı”.
Ulu Öndər Heydər Əliyev siyasəti, həyatı haqda hər zaman yazılıb, xatırlanıb, yazılacaq, xatırlanacaqdır. Çox diqqət çəkən məsələlərdən biri də Ulu Öndərin şəxsi həyatı haqda ailə üzvlərinin fikirləri də önəmlidir. Ölkənin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva əksər müsahibələrində zaman-zaman Ulu Öndərlə bağlı xatirələrinə toxunur.
Sosial-mədəni və ictimai-humanitar layihələrin təşəbbüskarı və dəstəkvericisi Xanım Mehriban Əliyevanın siyasi-ideoloji, dövlət xadimi kimi formalaşmasında Ulu Öndər Heydər Əliyev məktəbinin rolu inkaredilməzdir. Bu kontekstdən də Xanım Mehriban Əliyeva açıqlayır ki: “Mən Heydər Əliyev ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşmış, daim kütləvilik elementi olan mühitdə davranış tipini şərtləndirmişdir. Mən 20 il Heydər Əliyev kimi bir insanın ailəsində, yanında yaşamışam. Biz çətin illərində də, xoşbəxt anlarında da onun yanında olmuşuq. Sarsılmaz iradəsi ilə bu insan qalib kimi yaşamış və dünyadan qalib kimi getmişdir. Adamların böyük əksəriyyətindən fərqli olaraq, biz onu təkcə siyasi xadim, dövlət rəhbəri rolunda deyil, həm də adi insan, ailə başçısı, övladlarını sevən ata, baba kimi görmüşük. Mən taleyimə minnətdaram ki, belə bir imkanım olmuşdur. Bu insanla ünsiyyət mənim üçün qeyri-adi bir həyat məktəbi olmuşdur. Ümid edirəm ki, ondan nə isə öyrənə bilmişəm. Mənə son dərəcə ağırdır ki, o nəticələrinin dünyaya gəlməsini görmədi”.
Nəzərə yetirək ki, Ulu Öndərin Azərbaycan dövlətçilik institutunun inkişafı istiqamətində, dövlətin maraq və mənafelərinin qorunmasında, milli birliyin və həmrəyliyin bərqərar olunmasında müstəsna xidmətləri vardır. Ulu Öndər Heydər Əliyev məktəbi-qloballıq və milliliyin zəmini, lokal və regional məsələləri nəzərə almaqla təkmil idarəetmə metodudur.
Xanım Mehriban Əliyeva nəzərə yetirir ki: “Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi... Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi... Heydər Əliyev ailədə gündəlik ünsiyyətdə olduqca sadə idi. Uşaqları, nəvələri ilə onu təkcə qohumluq əlaqələri bağlamırdı. Həddən artıq məşğul olmasına baxmayaraq, onların hər birinə həssas qayğıkeşlik göstərirdi. Ancaq onu müqayisə etmək çox çətindir. Heydər Əliyev əzəmətli, bənzərsiz şəxsiyyətdir! Xasiyyətinin hansısa cəhətləri, xüsusiyyətləri onun uşaqlarında, nəvələrində yaşayır”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yüksəlişi, inkişafında, müstəqil dövlətin qurucu banisi, böyük siyasət ustası və dövlət xadimidir. Ulu Öndər Azərbaycanın dövlətçilik institutunu formalaşdıran, hakimiyyət-idarəetmə strukturunun siyasi, iqtisadi, hüquqi, sosio-mədəni, xarici, beynəlxalq münasibətlər sahəsində elmi-nəzəri əsaslarını yaradan, Milli İnkişaf Strategiyasının təməlini quran strateqdir.
Burada yenə Xanım Mehriban Əliyevanın fikirlərinə müraciət edək: “Heydər Əlirza oğlu haqda çoxlu kitab yazılıb. Lakin təəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini əks etdirmir. İlk növbədə əlbəttə ki, Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi. Mahiyyət etibarı ilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmayıb. Tarixin sovet dövründə Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə “hakimiyyət ustası” olduğunu anlamağa çalışırlar. Lakin bütün bunlar eyni bir adam barədədir. Bu yazılarda liderin həm praqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır”. Bu mətndən müasir siyasətşünalıq elmində də Heydər Əliyev məktəbinin dərsləri hər zaman öyrəniləcək və araşdırılacaq bir kursdur.
Xanım Mehriban Əliyeva həm də göstərir ki: “Mən ürəkdən istərdim ki, oğlum öz babasına çox oxşasın. Çox ümid edirəm ki, oğlumuz gələcəkdə babası Ulu Öndər kimi mətin iradə, ruh yüksəkliyinə malik məqsədyönlü, təmkinli, dərin səmimiyyətli olsun... Çox təəssüflənirəm ki, Heydər Əliyev bu günü görmədi, lakin inanıram ki, o da hansı şəkildəsə bizim sevincimizi bölüşür”.
Ulu Öndər milli liderliklə siyasi rəhbərliyi, siyasi liderliklə milli rəhbərliyi inteqrasiya edən fenomen strateqdir. Ulu Öndər unikal və universal bilikli siyasətçi, hər bir azərbaycanlının hamisi, dəstəkçisi, güvənən yeri, qüruru, ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlının doğması, əzizi idi. Bu, onu əbədi dünyaya yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda da özünü əks etdirdi. Ulu Öndər ilahidən seçilmişlərin seçilmişi, qüdrətli, öz ölkəsini sevən və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən uca insan, siyasi xadim, dövlət qurucusu, qurucu və yaradıcı rəhbər olmuşdur.
XXI əsrin əvvəlindən isə bu tərəqqi, bu yüksəliş Ulu Öndər Heydər Əliyev siyasi kursunun, dövlətçilik institutunun ən layiqli aparıcısı, modernləşən yeni Azərbaycanın qurucusu, Qarabağda işğal altında olan torpaqların azad edilməsində xalq-dövlət-ordu birliyi nəticəsində zəfər çalan Qalib Prezidenti İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyevin ideyaları, siyasi praqmatizmi, insan rifahına söykənən sosial siyasətinin həyata keçirilməsi dövlət quruculuğunun siyasi fəlsəfi və dövlətçilik nəzəriyyəsidir. Bu siyasi fəlsəfə Ulu Öndər Heydər Əliyev Milli İnkişaf Strategiyasının nəzəri, təcrübi konsepsiyasıdır və onu da uğurlu davam etdirən Prezident İlham Əliyevdir.
Bu mənada Xanım Mehriban Əliyeva qürurla yazır ki: “Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”.
Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.