AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Türk Ədəbiyyatı Vəqfi və Azərbaycan” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə Türkiyədən Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar və digər ziyalılar iştirak ediblər.
Yığıncağı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki: “Ulu Öndər Heydər Əliyevin dediyi kimi “tək millət, iki dövlət” olmağın qürurunu yaşayırıq. Hər iki ölkənin dövlət başçılarının qardaşlığı da bizim XXI əsrdə min illik tarixə dayanan qardaşlığımızı daha da möhkənləndirdi. Xüsusən Qarabağ savaşında Türkiyənin göstərdiyi böyük dəstək, Türkiyədə yanğınlar zamanı Azərbaycan fövqəladə hallar işçilərinin göstərdiyi candan gələn dəstək bu qardaşlığın müharibə səngərlərində də bir olduğunu, taleyini bir səngərdə gördüyünü isbat etdi. Ədəbiyyat-elm cəhbəsində Azərbaycanın Türkiyə ilə geniş əlaqələri var. Bu əlaqələr daha da genişlənməlidir. Bunların içərisində Türk Ədəbiyyatı Vəqfi də qədimlərdən Azərbaycanla əlaqə saxlayan, iş quran ilk böyük təşkilatlardan biridir.
“Türk ədəbiyyatı” dərgisi 1972-ci ildən çıxır, gələn il əlli yaşı tamam olur. 1978-ci ildən də “Türk ədəbiyyatı” dərgisinin əsasında Türk Ədəbiyyatı Vəqfi qurulub. Türkiyədə ədəbiyyatın inkişafına Türk Ədəbiyyatı Vəqfi qədər xidmət edən ikinci ədəbiyyat qurumu görmək çətindir. Türk Ədəbiyyatı Vəqfini Türkiyədə ədəbiyyatın bel sütunu hesab etmək olar. Bu qurumu təsis edən professor Əhməd Kabaklı olub. Türk ədəbiyyatı dərgisinin son otuz ilinə nəzər yetirsək görərik ki, hər nömrəsində Azərbaycan var, son illərdə lap çoxalır. Minnətdarlığımı bildirmək istəyirəm ki, dərginin bir sayını da Nizami Gəncəviyə həsr etmisiniz. Türkiyədə Nizami Gəncəvi irsinə bu il çox böyük diqqət göstərdilər, sizlər bu cəhətdən qabağa düşdünüz. Bu istiqamətdə işimizi davam etdirməliyik. Nizaminin türk oğlu türk olduğunu dünyaya çatdırmalıyıq. Sərhat Kabaklı, İmdat Avşar və Bəxtiyar Aslanın bu sevdanın içində olduqlarını görürük və yüksək qiymətləndiririk. Bizim institutun dörd dərgisi var, hamısında Türkiyəyə yer ayrılır”.
İsa Həbibbəyli, həmçinin institutun tarixi və bu günü haqqında da qonaqları məlumatlandırıb.
Sonra Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklı “Türk ədəbiyyatı” heyəti adından çıxış edib: “Bizim uşaqlığımızdan Türk dünyası Azərbaycan idi. Biz Azərbaycanın dərdi ilə ilk uşaq şeirlərimizi yazdıq. Azərbaycana ilk gəlişimdə torpağı öpmüşdüm. Türklüyün, türk ədəbiyyatının mərkəzi Azərbaycan - Bakıdır”.
“Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı İmdat Avşar dərgi haqqında məlumat verib.
Sonra hər iki qonağa Ədəbiyyat İnstitutunun “Fəxri dostu” diplomu təqdim edilib. Bəxtiyar Aslanın “İlin alimi” diplomu isə vəqfin rəhbərinə təqdim olunub.
Qonaqlar isə akademik İsa Həbibbəyliyə “Yaşayan Dədə Qorqud” mükafatını təqdim ediblər. Eyni zamanda “Türk ədəbiyyatı” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş sayı və digər nəşrlər institut rəhbərliyinə hədiyyə olunub.
Sessiyada filologiya elmləri doktoru Almaz Ülvi “Sərhat Kabaklı və Azərbaycan”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Türk ədəbiyyatı” dərgisində Azərbaycan ədəbiyyatı”, sözügedən müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Türk ədəbiyyatı” dərgisində Nizami Gəncəvi”, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “İmdat Avşar və Azərbaycan”, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Azərbaycandan baxarkən modern türk yazıçısı Bəxtiyar Aslan” kitabı haqqında” məruzələri ilə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.