Dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclası keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov da iştirak edib.
Komissiyanın 6-cı iclasının gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Müzakirələrin yekunu olaraq komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının İnvestisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Belə ki, sözügedən protokolun 5-ci maddəsində Səudiyyə Ərəbistanı tərəfindən Nizami Gəncəvi yaradıcılığında İslam ənənələrinin, həmçinin onun yaradıcılığının ədəbiyyat və fəlsəfənin inkişafına təsirinin tədqiqinin nəzərdən keçirilməsi əksini tapıb. Eyni zamanda tərəflər AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə Səudiyyə Ərəbistanı Krallığının Orqan Transplantasiyası Mərkəzi arasında “Eksperimental modellərdə immunoloji tolerantlığının yaradılmasına innovativ yanaşmalar” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq üzrə razılığa gəliblər. Bundan əlavə, AMEA-nın Fiziologiya İnstitutu Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Kral Əbdül-Əziz adına Tibb şəhərciyinin Tibb şöbəsinin Heriatrik Tibb Bölməsi ilə “Yüksək uzunömürlülük indeksli populyasiyalarda qocalmanın tədqiqi: tibbi-bioloji aspektlər” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq edəcək.
Həmçinin tərəflər Əbo Əl-Qasim Əl-Zəhavinin əlyazmaları ilə bağlı Bakıda seminarın keçirilməsi və həmin əlyazmaların tərcüməsi üçün vasitələrin araşdırılması ilə bağlı AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmək barədə razılaşıblar.
Sözügedən protokolun 5-ci maddəsində, o cümlədən Həcc və regiona səfərlərlə bağlı əlyazmaların, sənədlərin, xəritələrin və şəkillərin rəqəmsal surətlərinin Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz Fonduna təqdim edilməsi əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.