Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.12.2021 17:53
  • A-
  • A
  • A+

Hamiliyə götürülən tələbələr AMEA-nın Naxçıvan Bölməsində olublar

Hamiliyə götürülən tələbələr AMEA-nın Naxçıvan Bölməsində olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı növbəti görüş keçirilib.

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin Tarix və filologiya fakültəsinin “Filologiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Görüş zamanı İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı ilə bağlı məlumat verib. Vurğulayıb ki, bu sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Elxan Məmmədov diqqətə çatdırıb ki, institut əsas fəaliyyətini Naxçıvan memarlığının, şəhərsalma və abidələrinin tədqiqi, dekorativ tətbiqi sənət növlərini, musiqi və teatr mühitini, dialekt və şivələrini, onomastikasını, şifahi xalq ədəbiyyatını, ədəbi mühitini öyrənmək istiqamətində qurub. Ümumilikdə 30 əməkdaşın çalışdığı müəssisədə 7 elmi istiqamətli şöbə fəaliyyət göstərir.

İnstitut əməkdaşları respublikamızda və xaricdə müxtəlif tədqiqat müəssisələri, o cümlədən AMEA-nın Ədəbiyyat İnstitutu, Fоlklоr İnstitutu, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Bakı Slavyan Universiteti, Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsi, həmçinin Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası və digər elmi müəssisələrlə əlaqələr yaradaraq səmərəli əməkdaşlıq edirlər.

Onun sözlərinə görə, gənc elmi işçilərin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə iştirakı, habelə əhəmiyyətli elmi jurnallarda məqalələrinin dərc olunması və digər məsələlər gündəmdə saxlanılaraq onlara lazımi istiqamət və tövsiyələr verilir. Gənclərin müxtəlif tədbir və müsabiqələrdə iştirakı da məhz bölmədə yaradılan şəraitin, uğurla icra edilən kadr hazırlığı işlərinin nəticəsidir.

Daha sonra tələbələr institutun Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik və Onomastika şöbələrində aparılan tədqiqatlarla, əməkdaşların elmi fəaliyyəti ilə tanış olublar. Şöbələrin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Yekunda tələbələr müəssisənin təşkilatçılığı ilə keçirilən Naxçıvanın dəyərli söz adamlarından olan şair-publisist Müzəffər Nəsirlinin anadan olmasının 110 illiyi ilə bağlı elmi konfransa qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: