Gürcüstan Respublikası İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində gürcüstanlı qonaqlarla görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov iştirak ediblər.
Müzakirələrdə ikitərəfli əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak məsələlərinə toxunulub. Q.Yetirmişli qonaqlara beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 ədəd seysmik stansiya və həmin stansiyaların quraşdırılması haqqında ətraflı məlumat verib.
Baş direktor bildirib ki, artıq həmin stansiyalardan 3-ü seçilmiş müvafiq ərazilərdə yerləşdirilib. Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında isə 12 seysmik stansiya quraşdırılacaq ki, artıq bu istiqamətdə də işlərə başlanıb. Baş direktor onu da bildirib ki, indiyə qədər dünya ölkələrinin təcrübəsində palçıq vulkanlarında gedən proseslərin seysmik stansiyalar vasitəsilə öyrənilməsi təcrübəsi olmayıb. Onun sözlərinə görə, Azərbaycanda palçıq vulkanları ətrafında quraşdırılacaq stansiyalar ilk olacaq.
Professor Tea Godoladze isə Azərbaycanda seysmik tədqiqatların yüksək səviyyədə aparıldığını qeyd edərək yeni stansiyaların quraşdırılmasından sonra aparılan tədqiqatların keyfiyyətinin daha da yüksələcəyini bildirib. RSXM-lə İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Mərkəzinin uzun illərdir əməkdaşlıq etdiyini bildirən Tea Godoladze tərəflər arasında davamlı olaraq məlumat mübadiləsi, kadrların təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin həyata keçirildiyini söyləyib.
Akademik İbrahim Quliyev isə çıxışında region ölkələrinin seysmoloji mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsinin ümumilikdə regionun seysmikliyinin öyrənilməsi və yeni elmi nəticələrin əldə olunması baxımından əhəmiyyətinə toxunub.
Qeyd edək ki, gürcüstanlı seysmoloqlar səfər çərçivəsində RSXM-nin əməkdaşları üçün yeni seysmik stansiyaların məlumatlarının emalına dair təlim keçiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.