Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qədim və orta əsr lüğətlərinin tərtibi prinsipləri” monoqrafiyası çapdan çıxıb
24.12.2021 13:37
  • A-
  • A
  • A+

“Qədim və orta əsr lüğətlərinin tərtibi prinsipləri” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “Qədim və orta əsr lüğətlərinin tərtibi prinsipləri” monoqrafiyası çap olunub.

Kitabın elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktoru Nəriman Seyidəliyev və filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynovadır.

Monoqrafiyada bizim eradan əvvəl 2300-cü ildən başlayan və bizim eranın VIII əsrinə qədərki lüğətlərin tərtibi prinsiplərinin təhlili əksini tapıb. Tədqiqatçı tarix boyu dünya lüğətçiliyi sahəsində olan ümumi tendensiya və qanunauyğunluqları müəyyənləşdirərək onları analiz edir, ən qədim dövrdən indiyə qədər predmet tematik prinsipdən əlifba sisteminə qədər keçilmiş inkişaf yolunu araşdırır. Əsər üç fəsildən ibarətdir. Birinci fəsildə ən qədim tarixə malik şumer, hind, Çin və yunan lüğətləri tədqiq olunur. İkinci fəsil “Ərəb lüğətçiliyi əsasında Şərq lüğətçiliyinin formalaşması (VIII- XVIII əsrlər)” adlanır və burada ərəb lüğətçiliyinin tərtibi prinsipləri, orta əsrlərdə ərəb leksikoqrafiyasının təsiri altında formalaşmış tədrisi xarakterli qrammatik şərhləri olan qıpçaq, cağatay və Azərbaycan lüğətçiliyi araşdırılır. Üçüncü fəsil Avropa lüğətçiliyinin yaranması və inkişafına (I-XVIII əsrlər) həsr olunub. Burada latın, ingilis və rus-slavyan lüğətçiliyi tədqiq olunur.

Xədicə Heydərova bu vaxta qədər mövcud olmuş lüğətləri daxili quruluş nöqteyi-nəzərindən aşağıdakı növlərə ayırır:

1. Predmet-tematik sistem (mövzular üzrə sözlərin qruplaşdırılması);

2. Artikulyasiya əsaslı sistem (boğaz səslərinə görə sözlərin düzülməsi).

3. Qafiyə üsullu sistem (sözlərin ilk və son hərflərinin əlifba sırası ilə ardıcıl düzülməsi);

4. Kök-yuva sistemi (sözün kök samitlərinin baş söz kimi verilməsi və həmin samitlər əsasında yaranan derivativ törəmələrin bir lüğət məqaləsinə toplanması);

5. Əlifba sıralı sistem (baş sözlərin ilk hərfləri əsasında əlifba sırası ilə düzülməsi).

Ən qədim dövrdən indiyə qədər yaradılmış, öz dövründə iz qoymuş lüğətlərin quruluşu və sözlüyü haqqında müfəssəl məlumatlar daşıyan bu əsər həm informativ və həm də elmi əhəmiyyətə malikdir. Çünki Xədicə Heydərova burada lüğətçiliyin tərtibi prinsiplərinin mərhələli inkişafını, ümumi qanunauyğunluqlarının və tendensiyalarının izlənməsini, bir-birinə göstərdiyi təsirini, hətta orta əsr türk lüğətlərində tətbiq edilən əlifba sistemi və o dövrün lüğətçilərinin qədim türk dillərinin fonetikası haqqında söylədiyi fikirlərin müqayisəli tədqiqatını aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: